Cəlilabad rayonunda silahlı şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb.
Aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib.
Sonuncuya məxsus rayonun Mikayıllı kəndində yerləşən yaşayış evinin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı orada qanunsuz olaraq satış məqsədilə saxladığı 4 kiloqram 160 qramdan artıq narkotik vasitə olan heroin, 6 kiloqram 700 qramdan artıq həşiş qətranı, 5 ədəd avtomat patronu aşkar edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Fizuli İbişov Bakı şəhəri ərazisində tutularaq Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.