Yasamal rayonunda ata gənc qızını qısqanclıq zəmnində qətlə yetirib.
Hadisə Həsən Bəy Zərdabi küçəsində baş verib.
Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İlqar Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.
Ərazidən uzaqlaşmayan İlqar Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
O, polis əməkdaşlarına bildirib ki, rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də Aysel Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.