Bakıda tanışını öldürməyə cəhd etməkdə və polislərə müqavimət göstərməkdə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Ələkbər Əhmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra zərərçəkən Cavad Bağırzadənin məhkəməyə göndərdiyi məktubun mətini oxunub. O, məktubunda təqsirləndirilən şəxsi bağışladığını, şikayət və tələbinin olmadığını qeyd edib.
Növbəti proses sentyabrın 14-də davam edəcək.
İttihama görə, Yasamal rayonunda Ələkbər Əhmədov aralarında yaranmış mübahisə zamanı Cavad Bağırzadəni kürətindən bıçaqlayıb.
Daha sonra isə onu saxlamağa gələn polis əməkdaşlarına müqavimət göstərib və bıçaqla özünə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Ələkbər Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 315-ci (polis nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham elan edilib.