20 Oktyabr 2018 13:44
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir

Teleqraf.com xəbər verir ki, Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Masallı rayon polis şöbəsinin əməkdaşları keçirib.

Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Cahid Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov