Türkiyədən Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən Emin Məmmədov və həyat yoldaşı Lamiyə Nurullayevanın (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Emin Məmmədov 10 il azadlıqdan məhrum edilib.
Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Lamiyə Nurullayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Himayəsində azyaşlı uşaq olduğu üçün Lamiyə Nurullayevanın cəzası təxirə salınıb.
Dövlət Gömrük Komitəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən nəzarətə götürülüb. Həmin şəxs gömrük nəzarətindən keçən zaman üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun əynindəki üst və alt paltarlarında qanunla qadağan edilən əşyalar aşkar edilməsə də qadının özünü narahat hiss etməsi və şübhəli aparması gömrükçülərin diqqətindən yayınmayıb.
Bu zaman ona bədən üzvlərinin yoxlanılması məqsədilə Gömrük Məcəlləsinin 64.4 maddəsinə əsasən tibb işçisinin dəvət olunacağı bildirilib.
Həmin şəxs tibb işçisinin dəvət olunmasına ehtiyac olmadığını bildirərək, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.
İlkin araşdırma zamanı həmin şəxs həblərin "ekstazi" adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı Emin Məmmədov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən həblər fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilib və onların MDMA (ekstazi) olduğu müəyyən edilib.
Ər-arvad barəsində Cinayət Məcəlləsinin müafiq maddələri üzrə ittiham verilib.