12 Fevral 2019 10:12
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binədə avtobusun qatarla toqquşmasına görə həbs edilən Mübariz Fərəcovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Mübariz Fərəcovun həbs müddəti daha 4 ay uzadılıb.

Ötən il oktyabrın 1-də, saat 14.30-da paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-narkoloji, məhkəmə yol nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən Fərəcov Mübariz Kərim oğlu Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər