Bakıda qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılov hökmdən apelyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Ramin İsmayılov barəsində olan ömürlük cəzanın ləğv edilməsini, cəzasının müddətli cəza növü ilə əvəzlənməsini istəyib.
Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatına verilib.
Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin İsmayılov ömürlük azadlıqdan məhrum edilib.
Bakının Xətai rayonunda Ramin İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib.
Hadisədən sonra qaçan Ramin İsgəndərov Ağdama, öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.
Məlumata görə, Günay İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var.
Günay İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən Ramin İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.
Məhkəmədə ifadə verən Ramin İsmayılov deyib ki, 2006-cı ildə rəsmən boşanıb: “Mən oğlumla Ağdama getmişdim, atamın səhhətində problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Arvadım anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb, başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim, bu nə hərəkətdir, edirsən. Dedi, Xəyyam mənim sevgilimdi. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var”.
Ramin İsmayılov qeyd edib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib: “Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram.
Bir də özümə gəldim ki, “Avtovağzal”dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu”.