Bakıda ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Raqif Şıxəliyev barəsində hökmdən dövlət ittihamçısının verdiyi apelyasiya protesti və apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Prokurorun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı verdiyi apelyasiya protesti təmin edilməyib. Bundan başqa, təqsirləndirilən şəxsin cəzasının daha yüngül cəza ilə əvəz olunması barədə apelyasiya şikayəti də rədd edilib.
İttihama görə, hadisə ötən il paytaxtın Nizami rayonu ərazisində baş verib.
Raqif Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi Səlim Səmədovla (ad və soyada şərti verilib - red.) tanış olub. Raqif Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün ona 50 manat pul verib.
Səlim Səmədov qadın olmadığını deyəndə Raqif Şıxəliyev verdiyi 50 manat geri istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hadisə yerinə yaxınlıqda olan digər cinsi azlıq nümayəndələri də gəlib, dava başlayıb.
Raqif Şıxəliyev özünü müdafiə edən zaman Səlim Səmədovu yumruqla vurub. Yerə yıxılan Səlim Səmədovun başı daşa dəyib. Xəstəxanaya çatdırılsa da o, bir neçə gündən sonra dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Raqif Şıxəliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən Raqif Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib. O, 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan müdafiə tərəfi apelyasiya şikayəti, prokurorluq isə apelyasiya protesti verib.