Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu dəhşətli qətllə bağlı məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə bu ilin mayın 18-də, saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində baş verib.
Yanğın nəticəsində evin konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan əvvəllər məhkum olunmuş Tahirin anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra isə izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Tahir Bağırov tutulub.
Məlum olub ki, Tahir Bağırov anası, 1942-ci il təvəllüdlü Rübabə Bağırova ilə mübahisə edib. Mübahisə zamanı o, anasını boğaraq öldürüb. Sonra cinayətin izini itirmək üçün anasının meyitinin üzərinə neft tökərək yandırıb. Ana və oğul arasında münaqişə torpaq sahəsi üstündə yaranıb.
Tahir Bağırov anasından sahibi olduğu 5 sot torpaq sahəsini satması barədə razılıq istəyib. Amma rəsmi sənədlərə imza etməkdən imtina edən ana torpaq sahəsini satmaq istəməyib. Yaşlı qadının torpaq satmaqdan imtina etməsi isə onun həyatdan məhrum olması ilə nəticələnib.
İstintaq orqanı tərəfindən Tahir Bağırovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.