16 Yanvar 2020 14:58
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirli bilinən 39 yaşlı Nuri Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 17-nə təyin olunub.

İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalət Paşayev küçəsindəki binada yaşayan 25 yaşlı Cavid Məmmədlinin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.

Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Cavid Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.

Meyitin asıldığı kəndirin nisbətən hündürlükdən və ağaca çıxmaqla bağlanılması ilə bağlı izlər aşkar olunub. Lakin ağacın budağına kəndiri asmaq üçün çıxan zaman düşən barmaq və ayaq izlər mərhuma aid olmayıb. Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib.

Bakıda müayinədən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri tapılıb. Həmin barmaq izləri ilə ağacdan kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 39 yaşlı Nuru Allahverdiyev saxlanılıb. Onun dindirlməsi zamanı daha bir qətl törətdiyi məlum olub.

Nuru Allahverdiyev 2018-ci ilin noyabrında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Rəşad Nərimanlının da qatili olduğunu etiraf edib.

İstintaq orqanı tərəfindən Nuru Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər