Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Mehti Mehtiyevin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti Mehtiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.
O, məhkəmə zalında həbs edilib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb.
Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib.
Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.
İstintaq orqanı tərəfindən Mehti Mehtiyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.