4 Fevral 2020 14:47
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək zərərçəkmişlərə maddi ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Qamqam kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən mis qablar və dəmir tor oğurlamaqda şübhəli bilinən həmin kənd sakini, 26 yaşlı Mətləb Neymətullayev saxlanılıb.

Dindirilmə zamanı M.Neymətullayev törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi mis qabların bir qismini və dəmir toru rayon ərazisində yerləşən metal qəbulu məntəqələrinin birinə satdığını bildirib. Qabların bir qismi isə maddi sübut kimi ondan götürülüb.

Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gültəpə kənd sakini Araz Şıxbabayevə məxsus “Samsung” markalı mobil telefonu oğurlayan 24 yaşlı İsmayıl Adilov da saxlanılıb. Dindirilmə zamanı İ.Adilov qohumuna məxsus mobil telefonu oğurladığını və rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını etiraf edib.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Müəllif: Hacı Zeynalov