Siyəzəndə qəsdən adam öldürməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Asim Əbdülovun arvadı İlhamə Əbdülovadan rayon sakini Elşən Qədirlinin 2015-ci ildən başlayaraq müxtəlif yollarla onu izlədiyini, tez-tez yaşadığı evin həyətinə daxil olub evin pəncərəsini döyməsini, pəncərə qarşısına gül qoyduğunu, evə işıq saldığını və digər bu kimi üsullarla onunla yaxın münasibət qurmağa çalışdığını öyrənib.
İlhamə Əbdülova Asimin əmiləri Mübariz və Sərhəng Əbdülovlarla birlikdə Elşən Qədirlinin həyat yoldaşının iş yerinə gedib, ona ərinin hərəkətləri barədə xəbərdarlıq ediblər.
Buna baxmayaraq Elşən Qədirli həmin qeyri-əxlaqi əməllərini davam etdirib. Bundan xəbər tutan Asim Əbdülov onu cəzalandırmaq qərarına gəlib. O, 11 fevral 2019-cu il tarixdə, saat 8 radələrində idarə etdiyi “Hyundai Veracruz” markalı avtomobillə İlhamə Əbdülovanı işlədiyi 6 saylı məktəb-liseyə aparıb. Onu düşürdükdən sonra Elşən Qədirlini məktəbin yaxınlığında görüb və həmin məsələyə aydınlıq gətirmək məqsədilə Elşəni avtomobilinə əyləşdirib.
Elşən Qədirli Asimin atasının və öz anasının qəbrinin üstündə and içib, bir daha İlhaməyə qarşı hansısa hərəkətə yol verməyəcəyinə boyun olub. Belədə Asim Əbdülov avtomaşını Qara Siyəzən kənd qəbiristanlığına sürüb. Məzarlıqda maşının yük yerində saxladığı “TOZ BM” markalı ov tüfəngini götürüb.
Daha sonra tüfənfgi Elşənə tuşlayıb və ona atəş açıb. Elşən Qədirli kəskin qan itirmədən hadisə yerində ölüb.
Qeyd edək ki, qətlə yetirilən Elşən Qədirli fərdi sahibkarklıq fəaliyyəti ilə məşğul olub. Qətli törədən Asim Əbdülov isə biznesmen olub.
İstintaq orqanı tərəfindən Asim Əbdülovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Beş il müəlliməni izlədi
Cinayət işi üzrə şahid qismində ifadə verən İlhamə Əbdülova bildirib ki, Siyəzəndə 6 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyir:
“Ərim Asim Əbdülov həm də doğma əmim oğludur. Elşən Qədirlinin mənə qarşı hislərini təxminən 5 il bundan əvvəl hiss etmişdim.
Məktəbə gedəndə arxadan bir nəfərin yolun palçıqlı olmasından şikayətləndiyini eşitdim. Həmin adama baxdım və heç bir söz demədən yolumu davam etdim. Bundan bir müddət sonra yenə də səhər vaxtı məktəbə gedərkən arxadan nə isə atıldığını hiss etdim və geriyə dönüb baxdıqda yenə də həmin adamı təxmini 5 metr aralıda gördüm. Məktəbə çatdıqdan sonra əl çantama baxdıqda onun üstündə yumrulanmış xırda qar topu gördüm”.
“Hər səhər yoluma çıxırdı”
İlhamə Əbdülovanın sözlərinə görə, bundan sonra məktəbə gələrkən yoldakı insanlara diqqət yetirməyə başlayıb: “Həmin şəxsin hər gün yoluna çıxdığını gördüm, məktəbə çatana qədər arxasımca gəlməyə davam edirdi. Artıq bu hərəkətlərdən narahat olmağa başladım. Bir dəfə Siyəzən şəhər mədəniyyət sarayının yaxınlığında həmin insana subay qız olmadığımı, ərimin, böyük uşaqlarımın olduğunu bildirdim, onu rədd etdim.
Bundan sonra həmin adam yenə öz hərəkətlərini davam etdi və hər səhər yoluma çıxdı. Məcbur qalıb yolumu dəyişdim.
Lakin hər səhər işlədiyim 6 nömrəli məktəbin giriş qapısının yaxınlığında onun gəlişimi gözlədiyini gördüm. Bir dəfə əmim qızı Natavandan yolumun üstündə dayanan həmin insana baxmasını, onun arxasmca gəldiyini və onu tanıyıb-tanımadığını soruşdum. Natavan həmin insanı tanımadığını bildirdi”.
“Arvadı sözümə inanmadı...”
İlham Əbdülova qeyd edib ki, xatırlamadığı müəllimə yoldaşlarının birinə həmin adamı göstərib: “O, müəllimə yoldaşlarımdan birinin əri olduğunu bildirdi. Mən də həmin adamın Siyəzən mədəniyyət sarayının müdiri Zəminə Qədirlinin əri olduğunu öyrəndim. Siyəzən mədəniyyət sarayının müdiri Zəminə Qədirlinin iş yerinə getdim, Zəminəyə ərinin hər gün yoluma çıxdığını, məni narahat etdiyini bildirdim.
Zəminə belə bir şeyin ola bilməyəcəyini bildirdi, ərinin əgər telefonunda şəkli vardırsa, göstərməsini, yoluma çıxan adamın onun əri olub-olmadığını dəqiqləşdirməyi bildirdim.
Zəminə telefonunda ərinin şəklini göstərdi, məni narahat edən adamın həmin şəxs olduğunu bildirdim. Zəminəyə ərinin hər gün dalımca gəldiyini söylədim. O isə ərinin arxamca gəlməsinin qeyri-mümkün olduğunu bildirdi.
Mən isə Zəminəyə ərinin hərəkətləri barədə əmim qızı Natavan Əbdülovaya da bildirdiyimi söylədim. O buna görə çox narahat oldu və nahaq bu sözü Natavana söylədiyimi qeyd etdi. Zəminə həmin vaxtı əri Elşən Qədirliyə telefonla zəng vurdu və ora gəlməsini istədi. Zəminəyə Elşənlə üzləşmək istəmədiyimi bildirdim və oranı tərk etdim”.
Pəncərədən evə düşən işıq və qızılgül...
Şahid daha sonra ifadəsində qeyd edib ki, Elşən yenə öz hərəkətlərini davam edib və onun yoluna çıxıb: “Bir müddət sonra Elşən məktəbdən gələn vaxtı da yoluma çıxmağa başladı. Demək olar ki, hər gün arxasımca gəlirdi. Sonra axşam qaranlıq vaxtlarında pəncərədən evə işıq düşdüyünü gördüm, pəncərənin qarşısında xışıltı səsləri eşitdim.
Bir dəfə mətbəx otağında qabları yuyan zaman pəncərə açıq qalmışdı. Pəncərəyə baxdıqda Elşənin pilləkənlərin üstünə çıxaraq mənə baxdığını gördüm. Elşənə nə cəsarətlə həyətimə girərək pəncərənin qarşısında dayandığını söylədim. Heç bir söz demədi. Həyətin ortasında dayanaraq təhqirlərimi dinlədi”.
İlhamə Əbdülova bildirib ki, pəncərəni bağlayan zaman ora bir ədəd qızılgül qoyulduğunu görüb: “Elşəni həyətimdə gördüyüm günün səhəri əmilərim Mübariz və Sərhəngə zəng edərək evimə gəlmələrini xahiş etdim. Onlara Elşən Qədirlinin hərəkətlərini danışdım. Bundan sonra əmilərim Zəminə Qədirlinin iş yerinə getdi. Zəminə də həmin vaxtı əri Elşən Qədirlini iş yerinə çağırdı.
Mübariz Elşən Qədirlinin iş yerində müdirinə və Elşənin qardaşına da onun hərəkətləri barədə bildirdi”.
Həyat yoldaşı ərinin yerinə üzr istədi
İlhamə Əbdülovanın sözlərinə görə, sonradan pəncərənin qarşısına qoyulmuş qızılgülü də götürüb və Elşən Qədirlinin arvadı Zəminə Qədirlinin iş yerinə gedib: “Zəminəyə əri Elşənin həyətimizə gəldiyini, pəncərədən Elşən Qədirlini öz gözlərimlə gördüyümü bildirdim. Zəminə isə yenə də bu sözləri nahaq yerə əmilərimə dediyimi, söhbəti nahaq yerə yaydığımı bildirdi.
O, ərinə telefonla zəng vurdu və onu iş yerinə çağırdı. Bir müddətdən sonra Elşən oraya gəldi. İçəri girən kimi ayağa qalxdım, onun üzünə tüpürdüm və ona nə cəsarətlə həyətimə girdiyini soruşdum. Elşən həmin vaxtı elədiklərini inkar edə bilmədi. Zəminə isə ərinin yerinə məndən üzr istədi. Bundan sonra evimə gəldim.
Bir müddət daha arxamca düşmədi. Lakin məktəbin yaxınlığında dayanaraq məni müşahidə edirdi. Sonra yenindən evimin həyətinə gəlir, pəncərəni döyürdü.
Bir dəfə həyətin əsas qapısından həyətə daxil oldu, mətbəx otağının pəncərəsinə tərəf getdi. Mənim mətbəx otağında olmadığımı görüb qayıtdı. Bir dəfə də həyətə girib evin işıqlarını eyvanda söndürdü. Evin qapısını açmaq istədikdə, Asimin gəldiyini görüb tez həyətin hasarından aşaraq qaçdı”.
“Telefonla bizi çəkdiyini dedim”
İlham Əbdülovanın ifadəsinə görə, 2018-ci ilin yay aylarında, axşam saat 22 radələrində əmisi nəvəsi Anara evində məşğələ keçən zaman pəncərədən Elşən Qədirlinin telefonla onları çəkdiyini görüb:
“Anara bir kişinin telefonla bizi çəkdiyini dedim. Anar tez pəncərəyə tərəf qaçdı və Elşən Qədirlini arxadan gördü. Evdən bayıra çıxdı, həmin adamı tutmaq üçün onun arxasınca getdi. Lakin tapa bilmədi. Bir az keçdikdən sonra ərim Asim evə gəld. Asimə Anarın yanında bir nəfər kişinin bizi pəncərədən telefonla çəkdiyini, bundan əvvəl də pəncərədə cırmaq, tıqqıltı səsləri gəldiyini dedim. Asimə hadisə törədəcəyindən qorxduğumdan sözü birbaşa demək istəmədim. Həmin günün səhəri həyətin hasarına taxta söykənildiyini gördüm və bunu Elşən Qədirlinin hasara çıxmaq üçün qoyduğunu başa düşdüm”.
“Ərim şok oldu”
İlhamə Əbdülova qeyd edib ki, 10 fevral 2019-cu il tarixdə əri Asim Əbdülov axşam evdə qonaq otağında oturan zaman yenə də mətbəx otağının pəncərəsində tıqqıltı səsi eşidib:
“Asimdən tıqqıltı səsi eşidib-eşitmədiyini soruşdum. Asim isə səs eşitmədiyini bildirdi. Asim həyətə kiminsə gəlib -getdiyini, kamera alaraq həyətə quraşdıracağını bildirdi.
Bu vaxt oğlum Tərlan evə gəldi. Asim mənə “İlhamə, sən qorxaq insan deyildin, gündüz vaxtı evin qapısınını bağlamağından, həyətə it gətizdirməyindən məni şübhəyə salırsan, deyəsən, nəyisə gizlədirsən”, - bildirdi. Mən də olanları danışdım, Asim şok vəziyyətində oldu, oğlum Tərlan Elşən Qədirlinin arxasınca getmək istədi.
Asim onun getməsinə imkan vermədi. Məndən Elşənin hansı saatlarda gəldiyini soruşdu, gecə gəldiyini bildirdim. Həmin gecə Asim səhər saatlarına kimi gözləməsinə baxmayaraq, Elşəni həyətdə görə bilmədi”.
“Əvvəlcədən məlumatım olmayıb”
İlham Əbdülova qeyd edib ki, fevralın 11-də, səhər saat 6 radələrində Asim onu yuxudan oyadaraq Elşənin nələr deyib-deməməsini, nələr etdiyini soruşub: “Daha sonra Asim məni avtomobillə məktəbə tərəf apardı. Elşəni şirniyyat mağazasının qarşısında gördü, məktəbin yanında məni düşürdü.
Maşından düşəndən sonra bir az qabağa gedəndə Elşən Qədirlinin orada dayandığını gördüm.
Bir qədər sonra qızım Gülər mənə telefonla zəng vurdu və Asimin Elşəni öldürdüyünü bildirdi. Asimin Elşəni öldürəcəyi ilə bağlı əvvəlcədən məlumatım olmayıb”.
9 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Əbdülov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Asim Əbdülov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında aşağı həddə cəza təyin edilməsini istəyib.
Asim Əbdülov şikayətində əvvəllər məhkumluğunun olmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, ailəli olmasını, cinayəti zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində və ağır təhqirləri nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törətməsini qeyd edib.
Əlavə edib ki, hadisə törətməsi barədə polisə zəng vurub məlumat verməsini, polisə könüllü təslim olması kimi yüngülləşdirici halları nəzərə alınmalıdır.
Hökmdən narazı qalan zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib. Zərərçəkmiş Elşən Qədirlinin hüquqi varisi birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, Asim Əbdülova əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilməsini, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsi barədə yeni hökm çıxarılması istəyib.
Hüquqi varis həmçinin cinayhət işi üzrə şahid qismində cəlb edilmiş Qənimət Əbdülovun Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edib.
Bundan başqa, prokuror Ceyhun Budaqov da apelyasiya şikayəti verərək, Asim Əbdülovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin olunmasını istəyib.
Prokurorun protesti və digər tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protestinin, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Prokurorun protesti, təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin şikayətləri təmin olunmayıb.