12 Avqust 2020 18:17
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər 200 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan ərazisindən tranzit qaydada istifadə etməklə daşınması, bu kimi transmilli cinayətlərin törədilməsində iştirak edən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilməsi, onların müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin digər üzvləri ilə əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılan intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Dövlət Gömrük Komitəsi tərəfindən cinayətkarlıqla mübarizə məqsədilə bu kimi transmilli cinayətlər və onların istintaqı zamanı aşkarlanan əhəmiyyətli hallar barədə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması təmin edilir.

Belə məlumatların davamı olaraq bildirilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Polşaya dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Daxil olmuş əməliyyat məlumatı əsasında avqustun 6-da Azərbaycandan tranzit keçməklə İrandan Polşada yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə “Gil” yükü daşıdığı əks olunan platforma “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış “Gil” yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı Azərbaycan ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində ölkəmizə məxsus istehsalçının “Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60” rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən “gil” yükü Azərbaycanın Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycandan İrana ixrac edilən və orada fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.

Göründüyü kimi gömrük orqanlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində törətdiyi cinayət əməlləri ifşa olunan mütəşəkkil cinayətkar qruplaşmaların üzvləri (narkoqaçaqmalçılar) öz cinayətkar əməllərində Azərbaycana məxsus istehsalçıya aid kisələrdən istifadə etməklə təkcə narkotik vasitələrin qaçaqmalçılığı əməllərinin cinayətkar izlərini itirməyə nail olmur, həmçinin ölkəmizdə qanuni istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların həm ölkə daxilində, həm də digər ölkələrdə işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verirlər.

Nəticədə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən transmilli cinayətlərlə mübarizə məzmun etibarı ilə təkcə belə cinayətin predmeti olan qanunsuz mal və əşyaların dövriyyədən çıxarılması, bu cinayətlərin törədilməsində iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini deyil, həmçinin Azərbaycanın sahibkarlıq fəaliyyəti subyektlərinin qanuni mənafeyinin qorunmasını ilə yanaşı, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, onun beynəlxalq nüfuzunun zərər görməməsi üçün kompleks tədbirləri əhatə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər