Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Tural Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Tural Muxtarov 13 avqust 2019-cu il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən nomrəsiz fərdi evdə onunla birlikdə müvəqqəti kirayədə yaşayan milliyyətcə cecen olan Rusiya vətəndaşı, 1975-ci il təvəllüdlü Bislan Bakayev və Taleh Bədəlovla spirtli içki qəbul edib.
Daha sonra Tural Muxtarov sərxoş vəziyyətdə istintaqa məlum olmayan şəxslə mobil telefonda danışıb. Bu zaman onların arasında mübahisə yaranıb, mübahisəni həll etmək üçün Bakı şəhərində görüş təyin ediblər.
Tural Muxtarov Bislan Bakayevə “söhbət”ə həmin şəxslə gəlməyi təklif edib.
Bu zaman Bislan Bakayevin onunla əl-qol hərəkətləri ilə danışmasını öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib. O, bunu bəhanə edərək, hec bir əsaslı səbəb olmadan Bislan Bakayevi öldürmək qərarına gəlib.
Tural Muxtarov yemək yedikləri masanın üzərində olan bıcaqla Bislan Bakayevə xəsarətlər yetirib. Bislan Bakayev aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Tural Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tural Muxtarov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.
Tural Muxtarovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Tural Muxtarovun şikayəti təmin olunmayıb.