16 Oktyabr 2014 11:00
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü Dövlət Neft Şirkətinin vəzifəli şəxsi kimi təqdim edən Sabirabad rayon sakini, 1955-ci il təvəllüdlü Əjdər Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Əjdər Rzayev özünü vəzifəli şəxs kimi təqdim edərək zəlzələ nəticəsində mənzilləri yararsız vəziyyətə düşən Balakən və Zaqatala rayon sakinlərinə ev tikməklə bağlı yalançı vədlər verib. O, vətəndaşları aldadaraq pullarını mənimsəyib.

Belə ki, Əjdər Rzayev Salyan rayon sakinləri Bayram Atayev və Xoşbəxt Babayev ilə qabaqcadan əlbir olaraq qrup təşkil edib. O, Elfanə Aslanova adlı sakinə özünü Dövlət Neft Şirkətinin vəzifəli şəxsi kimi təqdim edərək 2012-ci ilin oktyabrında Balakən şəhərindəki zəlzələ nəticəsində yararsız hala düşən evinin Dövlət Neft Şirkətinin xətti ilə Fövqalədə Hallar Nazirliyi tərəfindən tikiləcəyi barədə yalançı vədlər verib. O, Elfanə Aslanovanı aldadaraq 2000 manatını alıb.

Bundan başqa, o, Balakən rayon sakini Şeyix Kərimovdan 2000 manat, Zaqatala rayonunun Sumaylı kənd sakini Mühiddin Muradovdan 1500 manat alaraq mənimsəyib.
Həbsdən çıxdı, dələduzluq etdi

Bu əməlləri ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham ediliblər. Cinayət işi baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib.

Hakim Rafiq Kazımovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əjdər Rzayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Salyan rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cu maddələri ilə təqsirli bilinib və 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub: "5 saylı həbsxanada cəza çəkmişəm. 2013-cü ilin may ayının 15-də cəzadan azad edilmişəm. Cəlil Xəlilovu tanımıram, onunla heç bir tanışlığım yoxdur.

Xoşbəxt Babayevi qonşu rayon sakini kimi tanımışam. Xoşbəxt Babayevlə əvvəllər bir yerdə işləmişəm, o, mənim mühasibim olub. Bayram Atayevi Xoşbəxtin vasitəsilə tanımışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cu ilin aprel ayında Xoşbəxt Babayev Bakı səhərində olarkən ona zəng edib: "Xoşbəxt Balakən rayonunda bacısı oğlu Bayramla zəlzələdən zərər çəkmiş evlərin tikintisi ilə məşğul olmalarını, onlara 24 evin tikintisinin tapşırıldığını bildirdi. O, eyni zamanda, fəhlələrə nəzarət edilməsi üçün köməyə ehtiyac duyduğunu dedi və məni Balakən rayonuna çağırdı. Bundan sonra Yasamal rayonu ərazisində Xoşbəxtlə görüşdük. Xoşbəxtin tanışı olan Elnur adlı şəxsin idarə etdiyi "Mercedes" markalı maşınla Balakən rayonuna getdik. Balakənə gələrkən Xoşbəxtlə söhbət etdim. O, mənə aylıq əmək haqqı olaraq 600-700 manat veriləcəyi və əlavə olaraq qalmaq, yemək xərclərimin də özləri tərəfindən ödəniləcəyini bildirdi. Həmin gün Balakən mehmanxanasında qaldım. Səhəri gün Bayram Atayevlə həmin mehmanxanada görüşdük. Bayram mənə çoxlu sayda "çertyojlar", vətəndaşlara məxsus evlərin sənədlərini, şəxsiyyətlərini təsdiq edən sənədləri və digər sənədlər göstərdi. O, bu "çertyojlarla" 1, 2, 3 otaqlı evlər tikəcəklərini bildirdi. Həmin vaxt mənə "SOCAR" şirkətinin vəsiqəsini göstərərək həmin şirkət vasitəs ilə evlərin tikintisi ilə məşğul olduğunu dedi".

Əjdər Rzayev daha sonra deyib ki, Bayram tikinti işinə rəhbərliyi ona həvalə edib: "2012-ci ilin dekabr ayında Balakən rayonuna gələrək onların tikinti işləri ilə məşğul olmalarını bilmişəm. Bayram da Xoşbəxt dediyi kimi mənə 600-700 manat aylıq əmək haqqı verəcəyini, fəhlələrə briqadir kimi, nəzarət edəcəyimi dedi".

Verilən vəd

Onun sözlərinə görə, Balakən rayonunda olduğu müddət ərzində Bayramla yalnız üç nəfərin evinə gedib: "Elşad adlı şəxsin evinə gedəndə həyətində 2 nəfər fəhlənin bünövrə qazdığını gördüm. Səhəri gün Elşadın evinə yenə də getdim. Fəhlələrin qazmış olduğu bünövrə yerinə baxdım və su tərəzisi ilə düzəliş verdim. Sonra bir nəfər Balakən və bir nəfər Zaqatala rayon sakininin evində də oldum".

Əjdər Rzayev deyib ki, aprel ayının axırlarında öz evinə qayıdıb: "Balakən rayonunda qaldığım müddət ərzində Bayram Atayev mənə 200 manat əmək haqqı kimi pul verib. O, pul olduqca yenə də mənə verəcəklərini dedi. Xoşbəxt mənə pul verməyib. Bayram və Xoşbəxt hesabıma 10-15 günə pul köçürəcəyini, həm də tikinti materialı göndəriləcəyini deyiblər. Buna görə də iş olmadığından geri qayıtmışam. Aradan bir müddət keçəndən sonra Bayramın həbs edilməsini eşitmişəm və bir daha Balakən rayonuna qayıtmamışam".

Məhkəmənin hökmü ilə Əjdər Rzayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hakim nəyə etiraz etdi?

Qeyd edək ki, Bayram Atayev, Xoşbəxt Babayev və Cəlil Xəlilovun cinayət işi ayrıca icraata götürülüb və onların işi baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib. Bu şəxslərin də cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasında hakim özünə etiraz verib və işə baxmaqdan imtina edib. Hakim etirazı onunla əsaslandırıb ki, bundan əvvəl bu şəxslərin cinayət işinə baxıb və yenidən həmin işə baxması mümkün deyil.

Hakimin etirazı baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, iş üzrə verilən etiraz təmin edilib və təqsirləndirilən şəxslərin cinayət işinə Qax rayon Məhkəməsində baxılması barədə qərar qəbul edilib. Yaxın günlərdə Bayram Atayev, Xoşbəxt Babayev və Cəlil Xəlilovun işi baxılması üçün qeyd olunan məhkəməyə göndəriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər