27 Yanvar 2021 14:24
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qardaşı arvadını bıçaqlamaqda ittiham olunan 1977-ci il təvəllüdlü Ramiz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ramiz Mirzəyev arvadı Rənanın ona xəyanət etdiyini düşünüb.

O, yaşadığı evin həyətində arvadı ilə mübahisə edib və bıçaqla onun üzərinə yeriyib. Rəna həyətdəki birmərtəbəli tikiliyə daxil olub. Ramiz arvadının gizləndiyi tikilinin qapısını açmaq məqsədi ilə bıçağı yaxınlqıdakı soyuducunun üstünə qoyub.

Bu zaman Ramiz Mirzəyevin qardaşı arvadı Şərəfnaz Rənanı qorumaq üçün ona kömək məqsədi ilə soyuducunun üstündə olan bıçağı götürüb və qaçıb.

Ramiz Mirzəyev bıçağı qardaşı arvadını əlindən alıb, onun kürək və qarın nahiyələrinə vurub.

İstintaq orqanı tərəfindən Ramiz Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz Mirzəyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, ailə başçısıdır, 12 yaşlı övladı var, yoldaşı evdar qadındır, ata və anası vəfat edib.

Ailəsini yalnız fəhləlik etməklə dolandırdığını söyləyən Ramiz Mirzəyev deyib ki, əsəb xəstəsi olub. Arvadının xəyanət etdiyini düşündüyünü deyən Ramiz Mirzəyevin sözlərinə görə, bu səbəbdən onunla mübahisə edib.

Qeyd edib ki, arvadını bıçaqla vurmaq istəyib, bu zaman qardaşı arvadı köməyə gəlib: “Qardaşım arvadı bıçağı götürüb qaçdı, mən isə onun arxasınca düşdüm. Bağda onu tutaraq əlindən bıçağı aldım. Bıçaq onun kürək nahiyəsinə dəydi”.

Ramiz Mirzəyevin ifadəsinə görə, qardaşı arvadını vurmaq istəməyib: “Ona bıçaqla xəsarətin hansı şəraitdə yetirməsini xatırlamıram. Çünki həmin vaxt özümdə olmamışam. Hadisədən sonra əsəbi vəziyyətdə bir neçə dəfə özümə də xəsarət yetirmək istəmişəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sərfinaz Mirzəyeva bildirib ki, təqsirləndirilən şəxs spirtli içki içdikdə çox əsəbi olur: "Bu halda arvadı Rəna ilə mübahisələr edib, ona görə də Ramizin arvadı evdən olan bıçaqları gizlədib.

Hadisə günü Rəna Ramizin əlində bıçağı gördükdən sonra dayandığı yerdən qaçaraq həyətdəki evə girdi, otağın qapısını içəridən bağladı. Ramiz onun dalınca gedərək bağlı qapını əllləri ilə döyərək, açmağı tələb etdi.

Bu vaxt əlindəki bıçağını qapının ağzında soyuducunun üzərinə qoydu. Mən də bıçağı götürərək bağa tərəf getdim. Ramiz dalımca qaçdı. Əlimdəki bıçağı yerə atdım və yenə də qaçdım. Bu zaman o, götürdüyü bıçağı kürək nahiyəmdən vurdu".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramiz Mirzəyev apelyasiya şikayəti verib. Ramiz Mirzəyev şikayətində barəsində humanist addım atılmasını xahiş edib.

Ramiz Mirzəyev əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün tətbiq edilməsini istəyib.

Ramiz Mirzəyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə gödərilib. Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Ramiz Mirzəyevin cəzası 6 ilə endirilib.

Ramiz Mirzəyev kasasiya şikayəti verib. O, barəsində daha yüngül cəznın təyin olunmasını istəyib.

Ramiz Mirzəyevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ramiz Mirzəyevin kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər