Sabirabad rayonunda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən Fəxrəddin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı Aygül Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fəxrəddin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olduğunu bildirib.
İstintaq orqanı tərəfindən Fəxrəddin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Hacı Zeynalov