Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Xəbər verildiyi kimi, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilibki, mərhumun qohumu 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.
Tural Məmmədov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.