Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə noyabrın 14-də saat 22.30 radələrində Ələt-Astara magistralının 209-cu kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan 42 yaşlı Astara rayon sakini İmran Qəhrəmanovun idarə etdiyi “Ford” markalı, 01-BO-261 dövlət nömrə nişanlı mikroavtobus Ələt istiqamətində hərəkət edən 47 yaşlı Lənkəran rayon sakini Canəli Həsənovun idarə etdiyi “Toyota Prado“ markalı, 42-BC-002 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “Ford” markalı mikroavtobusun sürücüsü İmran Qəhrəmanov, sərnişinlərdən 35 yaşlı Rövşən Əliyev, 27 yaşlı Fərhad Eyvazov, “Toyota Prado” markalı avtomobilin sərnişinləri, 54 yaşlı Rəsmiyyə Həsənova və 56 yaşlı Şamama Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin versiya kimi qəzanın “Toyota Prado” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiqi başvermə səbəbi isə təyin olunan ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.