Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.
Əldə etdiyimiz məlumata görə, prosesdə söz zərərçəkən Hüseyn Səfərova verilib. Hüseyn Səfərov deyib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qurbanıdır:
“Bu gün təqsirləndirilən şəxs statusunda mühakimə olunan Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digərləri mənə qarşı dəhşətli cinayət törədiblər. 2008-ci ilin oktyabrında məni özlərinin uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüb 67 gün MTN binasında, İstintaq İdarəsində saxlayıblar. Həmin müddətdə mən günboyu MTN-dəki müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdikləri 3 milyon dolların toplanmasını gözləmişəm.
O günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi.
Bu gün burada, məhkəmə salonundakı dəmir qəfəsdə Mövlam Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir. Mənə qarşı cinayətdən onun məlumatı olub. Bunu Mövlam Şıxəliyev təsdiq edə bilər. O, MTN-dəki kabinetində məndən pulu tələb edəndə Eldar Mahmudovun adından danışırdı. Deyirdi ki, nazir deyir, 3 milyon versin, onu buraxaq.
Mövlam Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də Mövlam Şıxəliyev dedi ki, heç olmasa 2 milyon dollar verin, verməsən səni buraxmayacağıq. Qeyd etdiyim kimi hər dəfə də “nazirin göstərişidir” deyirdi.
67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-nin binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Pulu aldılar, məni də bir neçə gün açıb buraxdılar.
Bu quldurlar məni girov götürəndə “Kapital Bank”ASC-nin “Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlindən məni tutub MTN-də saxlayırdılar. Həmin günlərdə Mövlam Şıxəliyev MTN-in İstintaq Təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Vüsal Ələkbərovun xidməti kabinetinə aparıb ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağımı deyirdilər. İstintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı bildirib hədə-qorxu gəlməklə pul tələb edirdilər. Girovluqdan azad edilməm müqabilində məndən 1 milyon 650 min dollar aldılar.
Hələ 350 min dolları verməyimi də tapşırdılar. Dedilər ki, verməsən, səni də, oğlunu da həbs edəcəyik.
Bu gün qarşınızda müttəhim olaraq dayanan bu adamlar məni qanunsuz həbsdən, girovluqdan azad edilməyim üçün özlərinin düzüb-qoşduqları qondarma cinayət işi üzrə sübutları təkrar-təkrar saxtalaşdırıblar.
Bu gün sizin azadlıqda saxladığınız təqsirləndirilən Vüsal Ələkbərov mənə məhkəmə binası qarşısında hədə-qorxu gəlir. Bu adam mənə qarşı törədilən cinayətin icraçısıdır. Onun üzvü olduğu dəstənin mənə qarşı cinayətləri sənəd-sübutlarla təsdiqini tapır.
Mən girovda olduğum zaman, 15 dekabr 2008-ci il tarixdə saat 20 radələrində MTN-in inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında, Əjdər Xanbabayev küçəsi 3 saylı evin qarşısında Vüsal Ələkbərov oğlum Rüstəm Səfərovdan 1 milyon 650 min dollar məbləğində nağd pulu alıb. Həmin gün Vüsal Ələkbərov oğluma zəng edib, deyib ki, pulu götür gəl, səni gözləyirəm.
Cinayət işinin içində dediklərimi sübut edən telefon danışıqlarının çıxarışı var. Mənim qanunsuz həbsdən azad edilməyimə qanuni görünüş yaratmaq məqsədi ilə həyat yoldaşımın guya zərərçəkənlərə tərəfimdən vurulmuş zərərin ödənməsi barədə ərizələr əlavə ediblər.
Dogma oğlum Rüstəm Səfərova, qızlarım Səkinə Seyidovaya, Günay Məmmədovaya, tanışlarım Sabir Abbas oğlu Məmmədova, Nazim Abbas oğlu Məmmədova, Azər Şahin oğlu Hüseynova, İlham Səməd oğlu Mustafayevə, Tahir Həsən oğlu Kazımova vurulmuş ziyanı ödəməsi barədə 12-13 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıblar, işə əlavə ediblər. Bu birbaşa sübutların saxtalaşdırılmasıdır.
Bundan sonra məni azad etmək üçün MTN-ə həkim briqadası dəvət etdilər. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi ilə həkimlərdən 16 dekabr 2008-ci il tarixli 297/KEŞ saylı rəy aldı ki, guya ağır xəstəyəm, buna görə barəmdə həbs qətimkan tədbiri dəyişdirdi.
3 gün sonra, 19 dekabr 2008-ci il tarixli qərarla Vüsal Ələkbərov məni girovluqdan azad etdi. Bu gün mən Vüsal Ələkbərovun həbsini tələb edirəm. Amma məni həbsə alan müstəntiqin həbsini tələb etmirəm. Çünki həmin müstəntiq bunların cinayətkar dəstəsinin üzvü deyil.
Mövlam Şıxəliyev Vüsal Ələkbərov vasitəsilə 2009-cu ilin aprel ayında MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı 1 saylı evin qarşısında 350 min ABŞ dolları məbləğində nağd pulu oğlumla məndən aldı. Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 “Vertu” telefonu ona verdim.
Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi, dedi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim”.
Hüseyn Səfərov deyib ki, ona qarşı cinayət törətmiş Vüsal Ələkbərov bu gün azadlıqda gəzir, ona hədə-qorxu gəlir: “Mənə meydan oxuyur. Deyir ki, Mövlam müəllim filankəsin himayəsindədir. Bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin. Məni Ali Məhkəmədən azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər. Sizdən xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbiri seçməklə biz zərərçəkənlərə qarşı təzyiq-təsirlərinin qarşısını alasınız”.
Sərbəst ifadəsindən sonra zərərçəkən vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb edib.
Hüseyn Səfərov bildirib ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir: “Məndən ifadələrimdən imtina etməyi və ərizəmi geri götürməyi tələb edir. Məni hədələyir. Geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Xahiş edirəm ki, barəsində həbs qəti imkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın”.
Məhkəmə vəsatəti əvvəlcə yerindəcə müzakirə edib, amma qərar açıqlanmayıb.
Növbəti proses noyabrın 23-ə təyin olunub.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.