Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.
Cinayət işi üzrə zərərçəkmiş Nizami Kazımovun vəkili Elçin Sadıqov hakimin göstərişi ilə məhkəmə iclasına buraxılmayıb. Buna səbəb vəkildən telefonlarını, noutbukunu təhvil vermək tələbi olub.
Buna etiraz edən vəkil hakimin göstərişi ilə məhkəmə iclasına qanunsuz olaraq buraxılmayıb. Elçin Sadıqov məhkəmənin önündə jurnalistlərə bildirib ki, bundan əvvəlki iclasda da hakim telefonlarımın alınması barədə göstəriş verib:
“Hakim özünü çox aqressiv aparırdı. Nəticədə qanunsuz olaraq həmin iclasda mənim telefonlarım əlimdən alındı. Bununla bağlı əsaslı səbəb göstərilmədi. Belə əsaslandırdılar ki, zalda qaydaları hakim müəyyən edir. Ancaq qaydaların müəyyən edilməsi zamanı şəxslərin üzərində olan əşyaların götürülməsi ilə bağlı qaununverilikdə heç nə nəzərdə tutulmayıb. Hakimin bu hərəkəti tamamilə qanunsuzdur.
Mən keçən dəfə hakimin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına müraciət etdim, qeyd etdim ki, mənim hüquqlarımı müdafiə etsinlər. Həm də Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Mənim şikayətimdən sonra hakim də mənim barəmdə Vəkillər Kollegisyasına şikayət edib. Məni müdafiə etməkdən bu işdə çəkindirməyə çalışır.
Qeyd edim ki, bu gün məhkəmə iclasına da məni qanunsuz olaraq buraxmadılar. Keçən iclasda noutbukum özümdə qaldığı halda, bu dəfə noutbukumu da təhvil verməyim tələb olundu. Noutbuku içəri keçirməyin qadağan olunduğunu bildirdilər. Buna etiraz etdikdə isə məni məhkəmə iclasına buraxmadılar.
Ölkədə artıq elektron məhkəmə sistemi tətbiq olunur. Kağız daşıyıcı əşyaların daşınmasına ehtiyac yoxdur. Xüsusilə bu işdə 30 cilddən çox cinayət işi var. Bu qədər sənədi aparmaq mümkün deyil. Hakimin bu hərəkətləri tamamilə qanunsuzdur. Onun bu hərəkəti elektron məhkəmə sistemindən istifadəni tamamilə məhdudlaşdırır. Hakim bunu belə edir ki, gələcəkdə zərərçəkmkişlərin əleyhinə qərar qəbul etməyini pərdələyə bilsin”.
Elçin Sadıqov bildirib ki, hakimin hərəkətlərindən dekabrın 2-də Məhkəmə hüquq Şurasına müraciət edib: “Dekabrın 1-də məhkəmə iclasında mənə qarşı qanunsuzluq olmuşdu. Eyni zamanda Vəkillər Kollegiyasına müraciət etmişəm. Vəkillər Kollegiyasından mənə bildirdilər ki, bununla bağlı məsələni Məhkəmə Hüquq Şurasının diqqətinə çatdırılacaq. Hələki rəsmi bir reaksiya yoxdur".
Məhkəmə önündə cinayət işi üzrə zərərçəkmiş iş adamı Hüseyn Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, Mövlam Şıxəliyevin bu işdə tək olmadığı aydınlaşır: “Bu hadisələri törədənlər bir qrup vəzifəli şəxs olub. Onların bir qismi mütəşəkkil dəstə şəkilində işə cəlb olunublar. Mövlam Şıxəliyev həbsdədir, digər üç nəfər isə işə cəlb olunaraq burada iştirak edirlər. Buna baxmayaraq əsas adamlar kənarda qalıblar.
Bu işdə əsas adamlardan biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdur. Bundan başqa, bu əməllərə dəstək verən adamlar olub. Bunlar da keçmiş baş prokuror Zakir Qaralov və keçmiş baş prokurorun 1-ci müavini olmuş Rüstəm Usubovdur. Tutaq ki, Mövlam Şıxəliyev, Vüsal Ələkbərov qanunsuz hərəkət edirdi, axı Baş prokuror ona nəzarət eməlidir... Bunların hamısı bir yerdə mütəşəkkil dəstədirlər.
Mövlam Şıxəliyev mənim həbs olunmağım barədə Baş Prokurorluğa vəsatət verilmişdi. Əgər Baş Prokurorluq işə düzgün nəzarət etsəydi, mənim həbsim o zaman reallaşa bilməzdi.
Hesab edirəm ki, məni həbsdə girov kimi saxlayıblar. Çünki mənim cinayətim olmayıb. Mən banka öz pulumu qoymuşam, bundan sonra bu şəxslər açıq-aşkar bizdən pul tələb ediblər. MTN-də girovluqda qaldığım müddətdə məni cəmi bircə dəfə dindiriblər, başqa heç bir istintaq hərəkətləri aparılmayıb.
Mövlam Şıxəliyev mənim həbs olunmağım barədə vəsatət verib. Həmin vəsatət əsasında baş prokurorun birinci müavini Rüstəm Usubov həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat hazırlayıb. Bu qanunsuz işlərə Vüsal Ələkbərov rəhbərlik edib. Saxtakarlıq ediblər, sübutları saxtalaşdırıblar. İnanıram ki, bu haqq-ədalət öz yerini tapacaq”.
Hüseyn Səfərov qeyd edib ki, Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubovun məhkəməyə çağırılması ilə bağlı vəsatət hazırlayıb: “Bu vəzifəli şəxslər də məhkəmədə cavab verməlidirlər. Vəsatəti sonuncu iclasda hakimə təqdim etmişəm. Yəqin ki, müzakirə olunacaq. Məndən 2 milyon dollar alıblar. Bu vəsait vəzifəli şəxslər arasında bölünüb. Baş Prokurorluq Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz hərəkətlərinə qarşı çıxsaydılar, bu gün də belə hadisələr olmazdı.
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə dəstək verən Baş Prokurorluq olub, əsasən də Rüstəm Usubov. Rüstəm Usubov bu gün burada cavab verməlidir. Bir-birlərinə dəstək verməsəydilər, bu hallar da baş tutmazdı”.
Hüseyn Səfərov deyib ki, jurnalistlər məhkəmə iclasına məqsədli şəkildə buraxılmır: “Mətbuat işçiləri məhkəmə iclasına buraxılsaydı, proses obyektiv formada işıqlandırılar, ölkə ictimayyətinə bu barədə məlumat verə bilərdilər. Jurnalistlərin məhkəməyə buraxılmaması barədə mən bir söz deyə bilmərəm. Bu hakimin müstəsna səlahiyyətidir. Amma mətbuat işçilərinin məhkəmə iclasına buraxılması işin xeyrinə ola bilər”.
Təqsirləndirilən Sahib Ələkbərov deyib ki, barəsində səslənən ittihamlar əsassızdır: “Mən heç bir vətəndaşa işgəncə verməmişəm. Mənə qarşı sürülən ittihamlarla razı deyiləm. İttihamda mənimlə bağlı heç bir fakt yoxdur. Bütün bunları məhkəmədə qaldırmışam. Mən heç kimdən hədə-qorxu yolu ilə pul tələb etməmişəm. Belə bir fakt olmayıb. Bütün bunlar mənə aid olmayan məsələdir. Mən vəzifəmi şərəfimlə yerinə yetirmişəm. Bununla qürur duyuram”.
Hazırda proses davam edir.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.