27 Dekabr 2021 11:36
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov şahid qismində ifadə verib.

O bildirib ki, əvvəllər tikinti biznesi ilə məşğul olub, hazırda isə bu sahədən uzaqlaşıb. Onun sözlərinə görə, “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.

Elşən Cəbrayılov bildirib ki, mərhum qardaşı ondan 17 yaş böyük olub.

Bəzi zərərçəkmişlərdə “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var, həmin müqavilələrə də şirkətin rəhbəri kimi Elşən Cəbrayılov imza atıb.

Zərərçəkmişlər iddia ediblər ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər. İş üzrə zərərçəkmiş Bəşir Məmmədov deyib ki, mənzil almaq üçün 60 min dollar ödəyib, amma ona mənzil verilməyib.

Bu barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov mənzil almaq istəməyib. Onun sözlərinə görə, Bəşir Məmmədov mərhum qardaşına sələmə pul verib: “Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Sonra da müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı adamın üzünü də görməmişəm”.

Elşən Cəbrayılov qardaşısının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.

Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rafael Cəbrayılov bu ilin sentyabrında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər