12 Fevral 2022 21:49
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1989-cu il təvəllüdlü Əbdül xalası oğlu Alimə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 12-də gecə saat 00:20-də baş verib.

Əbdüllə Alimin arasında yaranmış mübahisə davaya çevrilib. Dava zamanı Əbdül xalası oğluna xəsarətlər yetirib. İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, xalası oğlu Alimlə bir müddət mülk mübahisəsi səbəbindən münasibətləri pozulub: “Dekabrın 11-də qohumumuz Əli adlı şəxs məni və Alimi toy məclisinə dəvət etdi. Həyat yoldaşım Ləmanla birlikdə “Aqat” şadlıq sarayına getdik. İçəri daxil olan zaman Alimin və qardaşı Vəlinin qohumlara ayrılmış stolda oturduqlarını gördüm.

Biz həmin stolda əyləşən zaman Alim mənə söz atmaq məqsədi ilə ucadan söyüş söyməyə başladı. Ona iradımı bildirdim. Alim isə düz etdiyini söylədi. Mənim və həyat yoldaşımın ünvanına təhqiramiz ifadələr işlətməyə başladı. Dava məqsədi ilə məni bayıra dəvət etdi. Arvadımın yanımda olduğuna və qohum toyu olduğu üçün onunla başqa vaxt söhbət edəcəyimi dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qohumlarının təkidi ilə arvadı ilə başqa stola keçib: “Bir az sonra əsəbi olduğum üçün evə qayıtdım. Alimin arxamca danışdığınıa görə onun qardaşı Vəliyə zəng vurdum, iradımı bildirdim. Vəli həmin vaxt yaşadıqları evə çatdıqlarını bildirdi. Mən də evdən çıxdım, onların yaşadığı binaya tərəf getdim.

Alimin maşından düşdüyünü, qardaşı Vəlinin isə maşını sürərək oradan uzaqlaşdığını gördüm. Yaxınlaşaraq Alimə şadlıq sarayında söyüş söyməyinə görə irad bildirdim. Alim içkili idi, düz etdiyini dedi. Yenə də məni söydü, dartışmağa başladıq. Mən Alimi itələdim, o, yerə yıxıldı. Mən də onun üstünə yıxıldım. Yerdən duraraq oradan uzaqlaşdım”.

Təqsirləndirilən şəxs bildirib ki, sonradan Alimin dava barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyini eşidib. O, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişin ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verib.

Təqsirləndirilən şəxsin nəzərinə çatdırılıb ki, belə qanunsuz hərəkətə bir də yol verdiyi halda onun barəsində sərt tədbir görüləcək. Ona təkrar cinayət törətdiyi halda cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər