“Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Asəf Novruzov və Məhsud Səfərov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
“Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib.