Bu ilin fevralın 8-də Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon prokurorluğundan bildirilib.
İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.