Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində 2003-cü il təvəllüdlü S.Novruzlu oğurluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, S.Novruzlu 15 fevral 2023-cü ildə Culfa şəhərində yerləşən “Qapıcıq-Culfa” yeməkxanasının həyətindən dəmir qapını oğurlayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə ititham elan edilib.
İş üzrə təqsirli bilinən S.Novruzlu bildirib ki, Culfa şəhərində yaşayır, Naxçıvan Musiqi kollecində xanəndəlik ixtisası üzrə təhsil alır: “Həftənin beş günü səhər saat 8-də evdən çıxıram, axşan saat 18-də yaşadığım evə qayıdıram. Fevralın 15-də saat 18 radələrində kollecə getmək üçün yol xərcimi təmin etmək məqsədilə Culfa şəhərində yerləşən, yeni istifadəyə verilmiş “Qapıcıq-Culfa” yeməkxanasında işə düzəlmək üçün ora getdim.
Tanımadığım şəxslə görüşdüm. Yeməkxanada işə düzəlmək istədiyimi bildirdim. 18 yaşım tamam olmadığı üçün məni işə qəbul etmədilər”.
Təqsirli bilinən şəxsin sözlərinə görə, yeməkxanadan çıxan zaman həyətin çöl divarına söykənmiş vəziyyətdə olan dəmir qapını görüb: “Qapı işlənmiş, bəzi yerləri əzilmiş və paslı idi. Qapının istifadəyə yararlı, lazımsız olduğunu, metal kimi sata biləcəyimi düşündüm. Qapını olduğu yerdən götürdüm və Culfa gömrüyünə gedən yolda yerləşən həyətdə metal yığan qanşumuz Vüqargilə getrirdim.
Vüqar qapını tərəzidə çəkdi, 42 kilo oldu. Qarşılığında mənə 8 manat 20 qəpik verdi. Həmin pulla özümə pizza və qazlı içki almışam”.
Bu işə Culfa rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib. Bu səbəbdən zərərçəkmiş S.Novruzludan şikayətçi olmayıb.
Məhkəmənin qərarı ilə S.Novruzlunun barəsində olan inzibati protokol üzrə icraata xitam verilib və o, məsuliyyətdən azad edilib.