17 May 2023 13:58
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin Qobustan həbsxanasında kamera yoldaşını qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Məhkəmənin hökmü ilə Zahidkəhriz Abbasova 18 il cəza verilib. Onun ömürlük azadlıqdan məhrum etmə cəzası ilə hazırkı cəzası birləşdirilib, qəti olaraq ömürlük cəza təyin olunub.

İttihama görə, hadisə ötən il sentyabrın 2-də Qobustan həbsxanasında baş verib. Zahidikəhriz Abbasov həbsxananın 4-cü korpusunun 410-cu kamerasında onunla bir yerdə qalan Oleq Abişevin ünvansız söyüşlər söyməsinə etiraz edib.

Zahidikəhriz Abbasov etirazlara məhəl qoymayan Oleq Abişevi əvvəlcə yumruq zərbələri ilə vurub. Sonra qaldıraraq yerə çırpıb, ona müxtəlif dərcəli bədən xəsarətləri yetirib.

Yerdən qalxan Oleq stəkan götürərək Zahidikhrizin üstünə hücum çəkib. Zahidikəhriz Oleqin əlindən stəkanı alıb, onun baş nahiyəsinə zərbələr vurub. Kameraya gələn həbsxana nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. Nəzarətçilər gözyaşardıcı qazından istifadə edərək onu Oleqdən ayırıblar.

Oleq müalicə müəssisəsinə yerləşdirilib. Tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Oleq sentyabrın 10-da müalicə müəssisəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Zahidikəhriz Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Zahidikəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunub.


Müəllif: Hacı Zeynalov