Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Kamran münaqişə zəminində atası Şərifə xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisəni törədən Kamranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Şəriflə aralarında mülklə bağlı mübahisə düşüb: “Atama evi sataraq pulun bölünməsini təklif etdim. O buna razı olmadı, aramızda mübahisə yarandı. Əsəbləşərək atamı itələdım. Atam arxaya doğru yıxıldı, amma xəsarət almadı”.
İş üzrə zərərçəkmiş Şərifin sözlərinə görə, oğlu Kamran mütəmadi olaraq spirtli içki qəbul edir, mübahisə yaradır: “Kamran evə içkili vəziyyətdə gəlib, mənimlə mübahisə etdi. Mübahisə zamanı məni döydü. Dəfələrlə bu cür hallar baş verib. Təqsirləndirilən şəxs oğlumdur, onu bağışlayıram, şikayətim yoxdur”.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Kamran 7 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün saat 07.00-dək özünün qeyd etdiyi yaşayış ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin olduğu yerin axtarması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək qadağan edilib.
Zərərçəkmiş şəxs izah edilib ki, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifə olaraq onunla hər hansı qaydada ünsiyyət qurmaq qadağası özünün oğlu ilə görüş hüququnu pozmur, istəyi olduğu təqdirdə hökmün icrasına nəzarət edən orqanı yazılı və ya şifahi məlumatlandırmaqla oğlu ilə hər zaman ünsiyyət yarada bilər.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilib.