18 Oktyabr 2023 15:04
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Aqil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə zərərçəkmişlərin mülki iddiasının təmin edilməsi barədə qərar qəbul olunub. Aqil Babayevin adına olan ev və avtomobil müsadirə ediləcək, satışa çıxarılaraq zərərçəkmişlərə ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Aqil Babayevə 13 il cəza istəmişdi.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər