“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində keçirilən prosesdə hökm elan edilib.
Bəkir Orucov 9 il 6 ay, İntiqam Məmmədov 6 il 6 ay, və Rahib Məmmədova 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Zamində olan Ülvi Rəşidov və Ziya Kazımovun hər birinə 9 il 6 ay cəza verilib. Ülvi Rəşidov və Ziya Kazımovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.