Bakının Nizami rayonunda ərini qətlə yetirməyə cəhd etməkdə ittiham olunan Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə zərərçəkmiş Sakit Nağıyev arvadından şikayətçi olmadığını deyib.
Təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib, qeyd edib ki, təqsirləndirilənlə zərərçəkmiş şəxs barışıb. O, Aynur Nağıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib, vəsatətini onun iki azyaşlı uşağının olması ilə əlaqələndirib.
Vəkil həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılmasını barədə də vəsatətlə çıxış edib. Bildirib ki, ibtidai istintaq obyektiv araşdırılmayıb, Aynur Nağıyeva müdafiəçi ilə təmin olunmayıb, müdafiəçi işə bir gün sonra dəvət olunub.
Vəkil cinayət işinin ibtidai istintaqa qaytarılması ilə yanaşı, müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını da xahiş edib.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.
Zərərçəkmiş deyib ki, latın qrafikasında bilməyib, müstəntiq tərəfindən hazırlanan sənədlərə imza atıb. O, vəkilin vəsatətləri ilə razı olduğunu deyib.
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.
Qərara görə, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb.
Bundan başqa, ibtidai istintaq zamanı prosessual qaydalara riayət olunmaması ilə bağlı məsələnin sübutların araşdırılması mərhələsinə aid olduğu deyilib, buna görə də həmin vəsatət də baxılmamış saxlanılıb.
Məhkəmə baxışı yanvarın 7-ə təyin olunub.
Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində əri 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.
Araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Aynur Nağıyeva ərini yatmış vəziyyətdə öldürməyə cəhd edib.
Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.