29 Dekabr 2024 19:20
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Martin Ryan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye 3 Universitetinin beynəlxalq əlaqələr, “hərbi tarix və geosiyasət” ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb. Martin Ryan Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.

Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.

Daha sonra hakim təqsirləndirilən şəxslərin hüquqlarını izah edib.

Qeyd edək ki, Fransa vətəndaşına tərcüməçi vasitəsilə məhkəmədə səslənən fikirlər tərcümə olunub. Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri onlara təqdim olunub.

Azad Məmmədlinin vəkili vəsatət verib. Vəkil qeyd edib ki, Azad Məmmədlinin yaşayış yeri Azərbaycandadır, məhkəmədən yayınmaq fikri yoxdur. Vəkil onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Martin Ryanın vəkili bildirib ki, müvəkkili həm Fransa, həm də Böyük Britaniyanın vətəndaşıdır. O qeyd edib ki, iclasın qapalı keçirilməsinə heç bir lüzum yoxdur: “Məhkəmə proseslərində səfirlik nümayəndələri iştirak edir. Qapalı olan zaman onlar iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir”.

Daha sonra dövlət ittihamçısı Azad Məmmədlinin vəkilinin qətimkan tədbiri barədə verdiyi vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görə, hər iki şəxsin cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğu, Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmadığı qeyd olunub.

Azad Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin olunmayıb.

Məhkəmə iclasının açıq keçirilməsi barədə qərar qəbul edilib. Növbəti məhkəmə iclası 6 yanvar 2025-ci ilə təyin olunub.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər