Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü il noyabrın 26-da, saat təxminən 02:04 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib.
Faktla bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları – Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Namiq Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən “Smit-Vesson” markalı revolver aşkar edilib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak ediblər. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıb. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.
Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.
Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı “Cümə” məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı, partlayıcı vasitə hazırlayıblar.
Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırıb və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törətmiş və cinayət yerindən qaçıblar.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Elnur Ələkbərovun vəkili Namiq Hacıyev vəsatətlə çıxış edib. O, bildirib ki, müdafiə etdiyi şəxs Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır: “Elnur Ələkbərovun Bakı istintaq təcridxanasına köçrülməsi barədə qərar qəbul edilməsini, həmçinin ailə üzvləri ilə görüşməsinə şərait yaradılmasını xahiş edirik”.
Namiq Hacıyev həmçinin cinayət işinə xitam verilməsini istəyib. Daha sonra Namiq Nəsibovun vəkili işə yeni qoşulduğunu, cinayət işi ilə tanış olmadığını deyib. Buna görə də o, hakimlərdən hazırlıq iclasının təxirə salınmasını v ona cinayət işi ilə tanış olmasına şərait yaradılmasını istəyib. Hakim bildirib ki, vəkilin cinayət işi ilə tanış olması üçün vaxt istəməsi qanunla nəzərdə tutulub. Buna görə də hakim cinayət işinin hazırlıq iclasının davamını iyunun 10-dək təxirə salıb.
Hacı Zeynalov