Şəki Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda ittiham edilən Zaqatala rayon sakini Əliməmməd Əliyev və Cəlilabad rayon sakini Böyükxan Nağıyevin cinayət işinə baxılıb.
Teleqraf.com xəbər verir ki, istintaq materiallarına görə, Əliməmməd Əliyev və Böyükxan Nağıyev digər şəxslərlə cinayət əlaqəsinə giriblər. Onlar qaçaqmalçılıqla İran İslam Respublikasından 10 kiloqram 905 qram çəkidə narkotik vasitə olan həşiş qətranını istintaqa məlum olmayan şəxslərlə Azərbaycana keçiriblər. Dəstənin istintaqa məlum olmayan üzvləri narkotik vasitəni Cəlilabad rayonu Yaqublu kəndinin ərazisində "Plovlu dağ" adlanan yerdə gizlədiblər.
Cinayətkar sövdələşməyə görə, Əliməmməd Əliyev 2012-ci ilin avqust ayının ortalarında Böyükxan Nağıyevlə birlikdə həmin narkotik vasitəni gizlədilmiş yerdən götürüb. Böyükxan Nağıyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobillə narkotik vasitəni Cəlilabad rayonunun Mikayıllı kəndinə gətiriblər və Böyükxanın yaşadığı evin həyətyanı sahəsində samanlıqda gizlədiblər.
2013-cü ilin fevralın əvvəllərində narkotik vasitənin hər kiloqramını 2000 ABŞ dollarına satmaq barədə razılığa gəliblər, 11 bağlama və 3 bükümdən ibarət həşiş qətranını avtomobilin ehtiyat təkərinin içərisinə qoyublar.
Böyükxan Nağıyev avtomaşınla narkotiki Cəlilabad rayonundan Zaqatala rayonunun Muğanlı kəndinə gətirib və Əliməmməd Əliyevin yaşadığı evin həyətyanı sahəsində olan tövlədə gizlədiblər.
Daha sonra Əliməmməd Əliyev həmin narkotikin satılması üçün müştəri tapmasını tanışı Aleksandr İsayevdən xahiş edib. Aleksandr isə bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verib.
Fevralın 27-də Əliməmməd Əliyev və Böyükxan Nağıyev bağlamaya bükülmüş, 11 sellofan bağlamada və 3 sellofan bükülüdə olan həşiş qətranını Aleksandr İsayevin vasitəsi ilə şərti alıcılar qismində iştirak edən əməliyyat müvəkkilləri Ceyhun İmamverdiyev və Hətəm Əliyevə 50 min dollara satarkən saxlanılıblar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliməmməd Əliyev 13 il, Böyükxan Nağıyev 12 il azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslər barəsində daha yüngül cəza verilməsini xahiş ediblər.
"Narkotiki meşədə torpağa basdırdım"
Hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi prosesdə Əliməmməd Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər tanıdığı Aleksandr ona 2300 manat və Böyükxanın telefon nömrəsini verərək Cəlilabad rayonuna getməyi, Böyükxandan narkotik alaraq gətirməyi, buna görə ona hörmət edəcəyini söyləyib: "Mən Cəlilabad rayonuna gedib Böyükxanla görüşdüm. 2300 manatı həmin adama verdim, qalan pulu isə narkotik maddəni Zaqatalaya çatdırdıqdan sonra Saşadan alaraq verəcəyimi söylədim. Böyükxan mənimlə razılaşdı. Onun maşınında narkotiki Zaqatalaya gətirib, Muğanlı kəndində evimin yaxınlığında yerləşən meşədə torpağı qazaraq gizlətdim.
Bundan sonra Saşaya zəng edərək narkotik maddəni gətirdiyimi söylədim. Səhəri gün Böyükxanla Zaqatala şəhərinə getdik və Saşa ilə görüşdük. Saşa ilə görüşən zaman Böyükxan yanımda olmayıb. Saşa müştəri tapdığını və həmin şəxslərin narkotiki alacaqlarını söylədi".
"Həşişi 50 min dollara təklif etdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 27-də, təxminən saat 14 radələrində Saşa zəng edərək onu avtovağzala çağırıb və müştərilərin abidə yanında onları gözlədiklərini bildirib: "Həmin şəxslərlə görüşmək üçün deyilən yerə getdik. Orada sonradan adını bildiyim Ceyhun və Hətəm adlı şəxslərlə görüşdük. Söhbət zamanı həmin şəxslərə 11 kiloqram həşiş qətranını 50 min dollara təklif etdim. Onlar narkotiki aldıqdan sonra pulu verəcəklərini söylədilər.
Biz müştərilərlə razılaşdıq və 2-3 saat sonra Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən "Əliabad dairəsi" kimi tanınan ərazidə görüşüb narkotiki verəcəyimizi söylədik.
Saşanın idarə etdiyi avtomobillə kəndə gedərək narkotik maddəni basdırılan yerdən çıxardıq, Saşanın maşınına qoyduq və "Əliabad dairəsi" kimi tanınan əraziyə yollandıq. Saşa əsas yola çıxmağa ehtiyat etdiyinə görə yoldan təxminən 100 metr içəridə maşını saxladı və müştərilərin gəlişini gözlədi".
"Böyük məbləğdə borcum vardı, ona görə də..."
Əliməmməd Əliyev bildirib ki, həmin vaxt Saşa müştərilərə zəng edərək yolun kənarına gəlmələrini istəyib: "Mən Saşanın maşınından düşdükdən sonra müştərilərin idarə etdiyi "Volksvagen Tuareq" markalı avtomobilə əyləşdim. Maşında Hətəm və Ceyhun vardı. Bir qədər getdikdən sonra onlardan maşını Saşanın idarə etdiyi "Honda CRV" markalı avtomobilin yanında saxlamağı xahiş etdim. Müştərilər mala baxdıqdan sonra pul verəcəklərini dedilər.
Saşaya işarə verərək narkotik maddəni gətirməsini istədim. O, narkotiki gətirərək mənə verdi. Ceyhun onu yoxladı. Bu zaman bir neçə nəfər maşına yaxınlaşdı və özlərinin polis əməkdaşı olduqlarını bildirərək, məni saxladılar".
Təqsirləndirilən şəxs ifadəsində daha sonra tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini, ziyana düşdüyündən və böyük məbləğdə borcu olduğundan bu cinayətə getdiyini deyib: "Saşa məni aldadaraq tələyə salıb, onun özü cinayətdən kənarda qalıb. Narkotik maddənin İran İslam Respublikasından keçirilməsindən xəbərim olmayıb. Buna görə də özümü Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilmirəm".
Digər təqsirləndirilən Böyükxan Nağıyev də elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, ana nənəsi əslən iranlıdır: "Sovet hakimiyyəti dağıldıqdan sonra İranda yaşayan qohumlarımızla gediş-gəlişimiz yaranıb. 2012-ci ilin fevral ayında müalicə üçün İrana getdim. Həmin vaxt anamın dayısı oğlu Hacı Qurbanın evində qaldım.
Azərbaycana qayıtdıqdan təxminən 10 gün sonra Hacı Qurbanın oğlu Nurəddin zəng edərək sərhədi qanunsuz keçdiyini, Cəlilabad rayonunun Yaqublu kəndində "Plovlu dağ" deyilən yerdə çökəkdə mənə çatası bağlama olduğunu və həmin bağlamanı götürməyi xahiş etdi. Bir-birimizə qonaq gedən zaman pay aparmışıq. Bu səbəbdən Nurəddinin sovqat gətirdiyini düşündüm və öz maşınımla Nurəddinin dediyi yerə gedib bağlamanı götürdüm.
Evdə bağlamaya baxanda narkotik maddə olduğunu gördüm. Nurəddinə zəng edərək narkotiki götürməsini istədim. O da dedi ki, gizlət, gəlib götürəcəklər. Buna görə də narkotik maddəni samanlıqda gizlətdim".
Böyükxan Nağıyevin sözlərinə görə, 2012-ci ilin avqustunda Nurəddin zəng edərək atasının xəstə olduğunu və onlara gəlməsini istəyib. O da bu səbəbdən İrana gedib və Hacı Qurbanın, həqiqətən də, xəstə olduğunu görüb: "İranda Nurəddinlə görüşdüyüm zaman yanımızda başqa iki nəfər də olub. Nurəddin həmin şəxslərdən birinin Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Əliməmməd, digər şəxsin isə Savad adlı İran vətəndaşı olduğunu söylədi. Bir gün İranda qaldım, səhəri gün Əliməmmədlə birlikdə Azərbaycana qayıtdıq. Əliməmməd Rusiyada satmaq üçün İrana xiyar almağa gəldiyini söylədi".
"Uzun müddət müəllim işləmişəm"
Böyükxan Nağıyev qeyd edib ki, Azərbaycana qayıtdıqdan sonra Nurəddin zəng edərək bir nəfərin narkotik maddəni götürəcəyini söyləyib: "Nurəddinlə danışdıqdan sonra bir nəfər zəng edərək Cəlilabad şəhərində olduğunu və mal üçün gəldiyini bildirdi. Həmin şəxslə Cəlilabad şəhərində görüşdüm. Nurəddinə zəng edərək Əliməmmədin narkotik almaq üçün gəldiyini söylədim. O da narkotiki Əliməmmədə verməli olduğumu dedi.
Əliməmməd malı Zaqatala rayonuna aparmağımı xahiş etdi və bunun üçün mənə 6000 manat verəcəyini söylədi. Razılaşdım. Buna görə mənə 2300 manat verdi, malı Zaqatalaya apardıqdan sonra malın sahibindən qalan pulu da alıb verəcəyini dedi. Yola çıxmazdan qabaq avtomaşının ehtiyat təkərinin diskini çıxararaq 11 bükümdə olan həşiş qətranını təkərin içərisinə yığdım, yenidən diski yerinə - təkərin üstünə oturtdum".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində tutduğu əməldən səmimi peşman olduğunu deyib: "Uzun müddət müəllim işləmişəm, yaşadığım kənddə-rayonda hörmətli şəxs sayılmışam. Əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamışam. 75 yaşımın olmasını göz önünə gətirərək belə "oyuna" qoşulmağımdan xəcalət çəkirəm".
Təqsirləndirilən şəxslərin müdafiəçiləri Dəyanət Mustafayev apelyasiya şikayətlərinin təmin edilməsini istəyib. Dövlət ittihamçısı Vidadi Cabbarov müdafiə tərəfinin apelyasiya şikayətinə etirazını bildirib.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Hacı Zeynalov