81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun işi üzrə məhkəmə prosesi apelyasiya instansiyasında başlayıb. Zal Yusifovun atası Zakir Yusifovun iddiası ilə geri qaytarılan işə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada baxılır.
İlkin baxış iclasının gedişində hakim Əmir Bayramov özü-özünə etiraz verib. Hakim etirazı belə əsaslandırıb ki, bundan əvvəl “Texnikabank” işi üzrə keçirilən prosesdə hakim olub və həmin işlə bağlı qərar qəbul edib. Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsaslanan hakim işə baxmaqdan könüllü imtina edib. Buna görə də dekabrın 15-nə təyin olunan proses baş tutmayıb.
Bakı Apelyasiya Məhkəməsində belə bir prosesin yenidən başlanmasına səbəb Zal Yusifovun atası Zakir Yusifovun iddia qaldırmasıdır. Zakir Yusifov iddia edir ki, məhkəmənin qərarı ilə müsadirə olunan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Bu iddia ilə Ali Məhkəməyə müraciət edən Zakir Yusifov növbəti dəfə işin yenidən apelyasiya instansıyasında araşdırılmasına nail olub.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunan Zal Yusifov istər istintaq dövründə, istərsə də məhkəmə araşdırması zamanı əmlakların özünə məxsus olduğunu bildirib. Buna görə də istintaq orqanı həmin əmlakın üzərinə həbs qoyulması, Ağır Cinayətlər Məhkəməsi isə həmin əmlakların müsadirə olunması barədə qərar verib.
Cinayət işi üzrə zərərçəkmişlərin vəkili, Vəkillər Kollegiyasının üzvü Aqil Layıcov “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, hakim Əmir Bayramovun sədrliyi ilə təyin olunan məhkəmə prosesi baş tutmayıb: “Prosesdə hakim özü-özünə etiraz edib və həmin etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin sədrinə göndərilib. Etiraza məhkəmənin sədri baxacaq”.
Aqil Layıcov qeyd edib ki, prosesdə hakimin özü-özünə etiraz verməsi doğru addımdır: “Çünki həmin hakimin bundan əvvəlki prosesdə iştirak etməsi və qətnamə qəbul etməsini əsaslandıracaqdılar. Bu da həmin qətnamənin ləğv olunması üçün əsas ola bilərdi”.
Apelyasiya Məhkəməsinin gedişində işin necə araşdırılacağına gəlincə, Aqil Layıcov bildirib ki, “Texnikabank” işi ilə bağlı Ali Məhkəmə müəyyən göstərişlər verib: “Ali Məhkəmənin həmin göstərişləri də apelyasiya instansiyasında araşdırılacaq. Bu, şikayətçi Zakir Yusifovun iddiasının nə qədər doğru olub-olması ilə bağlıdır. Araşdırılmalıdır ki, doğurdanmı bu əmlaklar Zakir Yusifova aiddir, ya yox. Ali Məhkəmə məhz bu məqamın aydınlaşdırılması üçün işi apelyasiya instansiyasına qaytarıb”.
“Texnikabank” işində olan digər zərərçəkmişlərin və yaxud onların vəkillərinin prosesdə iştirak edib-etməmələri ilə bağlı suallarımıza cavab verən Aqil Laycov qeyd edib ki, Ali Məhkəmənin son məlum qərarından sonra apelyasiya instansiyasında proses baş tutmayıb. Buna görə də vəkil həmin zərərçəkmiş və onların nümayəndələrinin iştirak etmələri, onların hansı addım atmaları ilə bağlı hər hansı məlumata malik deyil.
Bundan əvvəl həm ibtidai istintaq zamanı, həm də Ağır Cinayətlər Məhkəməsində Zakir Yusifovun əmlakların ona məxsus olmasını sübuta yetirməməsi ilə bağlı məsələyə toxunan vəkilin sözlərinə görə, Zakir Yusifov sonradan bu əmlakların ona məxsus olması iddiası ortaya çıxıb: “Zakir Yusifov Ali Məhkəmənin sədrinə məktub yazıb və müsadirə olunan əmlaklarına ona məxsus olmasını bildirib. Ali Məhkəmənin sədri də həmin əmlakların kimə məxsus olmasının araşdırılması üçün məhkəməyə təqdimat verib. Məhkəmədə onun bu əmlaklara haqqı olub-olmaması araşdırılır. Əmlaklar ona məxsus olmadığı sübuta yetirilsə, apelyasiya məhkəməsi əvvəlki qərarını qüvvədə saxlayacaq”.
Zakir Yusifovun məhkəmənin aldatması ilə bağlı hansı cəza tədbirini gözləməsinə gəlincə, vəkil qeyd edib ki, məhkəmənin qərarı ilə heç kimi burada hər hansı sanksiya gözləmir: “Məhkəməyə müraciət etmək hər kəsin hüququdur və burada haqsız durumda qalan şəxsi hər hansı cəza gözləmir”.
Zakir Yusifovun 81 nəfər zərərçəkmişin hüququnu illərlə Zakir Yusifov tərəfindən pozulması məsələsinə toxunan Aqil Layicov əlavə edib ki, bu işə yeni qoşulub və zərərçəkmişlərə dəymiş ziyanla bağlı yenidən araşdırma aparılır: “Bütün bunlar apelyasiya məhkəməsində keçirilən proseslərdə bəlli olacaq. Bu işlə bağlı apelyasiya instansiyasında hər hansı məhkəmə araşdırması aparılmayıb. Buna görə də məhkəmənin gedişi ilə bağlı bir söz deyə bilmərəm. Məhkəmənin gələcəkdə keçiriləcək proseslərindən sonra bu suallara daha ətraflı cavab vermək olar”.
Hacı Zeynalov