Bakı Ağır Cinayətlər Məhkəməsində Vulkan oteldə əmisi qızını qətlə yetirməkdə təqsirli bilinən Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən qapalı prosesdə cinayət işi üzrə məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilib. Qərarda qeyd edilib ki, Asim Ağamalıyevin cinayəti törədərkən anlaqı olub-olmaması müəyyən ediləcək.
Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, qətl hadisə noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” otelinində baş verib. Hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Afaq Şükürovanın boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Afaq Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, cinayətin törədilməsində şübhəli bilinən Asim Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov