Sumqayıt Apelyasiya Məhkəməsində Qusar rayon sakini, 1986-cı il təvəllüdlü Tehran Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Tehran Qasımov 29 dekabr 2014-cü il tarixdə sərxoş vəziyyətdə həmkəndlisi Qiyas Musaxanovun yaşadığı evinə gəlib. Tehran Qasımov Qiyasın ona müvəqqəti yaşadığı Əcəxur-oba kəndindən daimi yaşadığı Yeni-Həyat kəndinə ev köçünü və bir baş inəyi gətirməyə köməklik etməməsi, eləcə də köməklik etmək üçün əvvəlcə anası tərəfindən verilmiş 5 manatn Qiyas Musaxanovun geri qaytarmaması üstündə mübahisə edib.
Qiyas Musaxanovun isə aldığı 5 manatı qaytarmaq əvəzinə Tehran Qasımov ilə mübahisə edib, onu nalayiq sözlərlə söyübi və təhqir edib. Bundan isə Tehran əsəbləşərək Qiyas Musaxanovun qarın nahiyəsindən 1 dəfə dizlə və təpiklə qəsdən vurub. Bununla da o, Qiyas Musaxanova “qarnın qapalı travması nəticəsində nazik bağırsağın iki yerdən cırılması” ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirib.
Tehran Qasımov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tehran Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tehran Qasımov apelyasiya şikayəti verərək, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsinin və barəsində olan cəzanın şərti hesab edilməsini istəyib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə Tehran Qasımovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 2 ilə endirilib.
Hacı Zeynalov