Kürdəmir rayonunda mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha iki rayonda törətdikləri oğurluq cinayətləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Şamaxı, Kürdəmir və Ağsu rayon polis şöbələri əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə oğurluq etdikləri üçün Mehman Gülməmmədov, Adil Dəmirov və Zaur Xancanov tutlub.
Onların ötən ilin aprel ayından cari ilin mart ayınadək Şamaxı və Ağsu rayonlarında yaşayan daha 8 nəfərin ümumikdə 43 baş qoyununu oğurlamaları da müəyyən edilib.
Qeyd edək ki, Kürdəmirdə heyvan oğurluğu ilə məşğul olan bir qrup Şamaxı sakini saxlanılıb. Həmin şəxslərin oğurluq əməlinin üstü Kürdəmir rayonun Qarabucaq kənd sakinlərinin rayon polis şöbəsinə yazılı müraciətindən sonra açılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakinləri Zaur Xancanov, Adil Dəmirov və Mehman Gülməmmədov şübhəli şəxs qismində saxlanılıblar.
Məlum olub ki, tutulan şəxslər ötən ilin dekabr və bu ilin fevralında Qarabucaq kənd sakinləri Dilarə Mehdiyevanın həyətindəki tövlədən 8 baş qoyunu, Mahmud və Rəşad Mehdiyevlərə məxsus tövlədən 3 baş quzunu oğurlayaraq tanımadıqları şəxsə satıblar. Saxlanılan qrup üzvləri digər rayonlarda da müxtəlif şəxslərə məxsus 100-dən artıq qoyunu oğurlayaraq satıblar. Hazırda hər üç şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov