30 Sentyabr 2016 11:10
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayım uzun illərdən bəri ədəbiyyat müəllimi işləyir, İmişli rayon orta məktəblərinin birində dərs deyir. Universitetə uşaq da hazırlayır, beləcə başını birtəhər dolandırır. Hərdən bacısı uşaqlarının cibinə pul da qoyur, sağ olun.

Dayımı çox istəyirəm, zəhmətkeşdir, o qədər müasir düşüncəsi yoxdur, köhnə fikirlidir, amma halal bir insandır. Heç kimə dəyib-dolaşmır. Hərdən dayımla ədəbiyyat haqqında söhbətlər edir, müasir yazıçıların əsərlərini vərəqləyir, öz aramızda müzakirə edirik. Bəzən yazdığım yazıları ona oxuyuram, o da fikirlərini deyir. Görürəm ki, söz duyumu güclüdür, mətni hiss eləyə bilir.

Dayım özü də yazır, hərdən mənə oxuyur, ancaq heç vaxt çap elətdirmir. Bu yaxınlarda rayona getmişdim. Dayım əməlli-başlı dəyişmişdi. Məsələn, əvvəllər kompüterdən acığı gələrdi, amma indi bu günə qədər yazdığı yazılarını demək olar ki, cırılıb-dağılmış əlyazmalardan “word” proqramına köçürür. Hələ üstəlik fləşkartın da nə olduğunu bilir və yazılarını yazdıqca bir-bir fləşkarta yükləyir.

Xüsusən, fləş ona çox qəribə və maraqlı gəlir. Dayım lap uşaq yaşlarından yazı-pozuya həvəslidir. Həmişə əlində kağız-qələm olub. Ancaq müasir texniki qurğulardan uzaq dayanıb və onlar haqqında yaxşı fikirdə olmayıb. Tez-tez deyirdi ki, kompüterin şüası adamda xərçəng xəstəliyi əmələ gətirir.

Bir dəfə dayım cibindən fləşkartı çıxarıb stolun üstünə qoydu və qəribə bir şəkildə fləşin üzünə gülümsündü. Dedi ki, bu günə qədər yazdığımın hamısı bu balaca şeyin içindədir. Dayım bu sözləri o qədər təəssüf hissi ilə dedi ki, ürəyim çox pis oldu. Sonradan bildim ki, fləşə necə inanıbsa sən demə, əlyazmalarının hamısını yandırıbmış. Dəqiq bilirəm ki, dayımın yazıları onun həyatıdır və deməli, onun həyatı da fləşin içindədir.

Bu yaxınlarda dayıma zəng elədim, telefona arvadı cavab verdi. Hal-əhvaldan sonra soruşdum:

– Bəs dayımın telefonuna sən niyə cavab verirsən, özü haradadır ki?

Adilə xalanın cavabı mənə çox pis təsir elədi:

– O balaca şeyin adı nədir, bilmirəm. Yazılarını onun içinə yığıb cibində gəzdirirdi. Deyəsən, hardasa salıb itirib. İki gündür rayonu ələk-vələk eləyir, o balaca şeyi axtarır, tapa da bilmir, ürəyi parlayır.

Kövrəldim.


Müəllif: Kəramət Böyükçöl