23 Noyabr 2020 14:32
6 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqın – "qaçmaq", köçkün – “köçmək” sözündəndir. Biz nə qaçmışdıq, nə də köçmüşdük. Biz didərgin olmuşduq.

Amma bizi öz adımızla çağıran olmadı. "Qaçqındır" deyib, biri yatmayan uşağını qorxutdu, biri oğlu üçün köçkün qızına elçi getməkdən çəkindi... Bu söz torpaqsızlıq qədər, hətta ondan betər yandırıb-tökdü bizi bu illər ərzində.

…və o xəbər - Cəbrayıl işğaldan azad olundu. Ardınca alagöz cəbrayıllı oğlanın gözündən leysan tökə-tökə gözəlim şivəmizlə “tay mən qaşqın dəyiləm” videosu.

Deyir, qalasının hündürlüyündən bəlli olar şəhərin düşməninin çoxluğu. O andakı sevincimdən hiss elədim 27 ilin kədərini. İyirmi yeddi il bir neçə saniyəlik xronometraj kimi ağlımdan keçdi. İlahi, nələr yox idi o bir neçə saniyəlik "videoda".

Kənddən çıxanda qonşumuz Nəbi dayınının “mən heç yerə getmirəm, qoyun, məni torpağımda ölüm” deməyi, nənəmin yaylığını onun ayağının altına atıb: “Nəbi, balalarıma yazığın gəlsin, sənə görə biz də qalmalıyıq” deməyindən tutmuş, utana-utana “oğlumuzun adını Sədi qoyacam… kəndimizin adını” deməyimə qədər.

Sevincdən ulamaq nədir, bilirsiniz? Bax, mən həmin an ulayırdım. Səsim bəlkə də ora qədər gedib çatdı – Sədiyə qədər.

Torpaq, yurd, bağ-bağat insanın ayağının altını bərkidir, vücudunda sabitlik yaradır. Mən indiyə qədər gördüyüm köçkünlərin varlığında bir çəkisizlik görmüşdüm. Kosmonavt kimi. Məsələ təkcə ev-eşikli, həyət-bacalı olmaq deyilmiş. Torpaq insanı təpərli, inamlı edirmiş.

"Küləklə sovrulanlar"da Marqaret Mitçell sonda Skarleti torpağına göndərir. Bu həm də bütün sevgilərin fövqündə torpaq sevgisinin dayandığına işarədir. Həmişə fikirləşirdim ki, bu boyda dünyada sığına biləcəyin bir torpağın ola, onu da küləklər sovura. Hamının və əli hər şeydən üzülən hər kəsin Skarletsayağı ehtirasla “Taraaaa…” deyə dönə bilcəyi torpağı olmalıdır.

Hə, sabah yeni gün olacaq. Mütləq olacaq! Və mən torpağımı qucaqlayacam. “Səəədi” deyərək hamınızı torpağımda gözləyirəm.


Müəllif: Naibə Qurbanova