26 Fevral 15:16
963

Paşinyan hakimiyyətini devirmək üçün Ermənistan müxalifətçilərinin 10 noyabr tarixindən etibarən göstərdiyi çoxsaylı cəhdlər uğur gətirmədi. “Vətənin xilası naminə hərəkat”da birləşmiş 17 siyasi partiyanın liderləri Paşinyanı devirmək üçün siyasi mübarizənin bütün üsullarına əl atsalar da 3 ay ərzində xalqın dəstəyini ala bilmədilər. Vəziyyəti düzgün dəyərləndirən baş nazir Paşinyan müxalifətə növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Seçici dəstəyinə ümidlərini itirmiş müxaliflər isə bu təklifdən imtina edərək dəstəyi ölkədən kənarda axtarmağa başladılar. Öz tərəfdarlarının mitinqlərindəkı çıxışlarda və mətbuata verdikləri müsahibələrində erməni müxalifət liderləri “Rusiyaya loyallıq”ları haqqında Kremlə mesajlar göndərməyə başladılar. Kremlin bu eyhamlara reaksiya verməməsini isə belə başa düşmək lazımdır: 44 günlük müharibədən sonra Ermənistan qolları bağlı vəziyyətdə həmişəkindən daha çox Rusiyanın əlindədir. Ona görə də Rusiya üçün indi Ermənistanda kimin hakimiyyətdə olmasının elə də fərqi yoxdur.

Hər yerdən əli üzülən müxalifət nəhayət, ölkənin yüksək rütbəli hərbçilərini təxribata çəkməyə nail oldular. Paşinyanın özü tərəfindən 8 ay öncə Baş Qərargah rəisi təyin olunmuş və cəmi 4 ay əvvəl general-polkovnik rütbəsi ilə mükafatlandırılmış Onik Qasparyan öz müavininin işdən azad olunması haqqında Paşinyanın əmrinə etiraz olaraq baş nazirə istefa ultimatumu göndərdi. Qasparyanın bu addımı xəyanət əməlinin ermənilərin təbii xisləti olduğunu bir daha təsdiq etdi.

Xalqı Azadlıq meydanına dəvət edib ölkədə “hərbi çevrilişə cəhd” haqqında bəyanat səsləndirən baş nazir nəinki öz əmrini geri götürdü, üstəlik ultimatum verən Onik Qasparyanın özünü də vəzifəsindən azad etmək haqqında əmr imzaladı. Onik Qasparyan isə öz növbəsində baş naziri istefaya məcbur etmək inadında israrlı olduğunu bildirir. Müxalifət hərəkatının rəhbəri Vazgen Manukyan fasiləsiz mitinqlərə çağırdı və azsaylı müxalifət tərəfdarları keçən gecəni hökümət evinin qarşısında çadırlarda keçirdilər. Təxribatdan maksimum yararlanmağa çalışan müxaliflər, xüsusilə də keçmiş cinayətlərinə görə istintaq altında olan və hər an həbs olunmaq təhlükəsi ilə yaşayan “Qarabağ klanı”nın rəhbərləri də dərhal hərəkətə keçdilər. Paşinyandan başqa istənilən adamın hakimiyyətə gəlməsini özlərinin cinayət məsuliyyətindən yaxa qurtarması üçün fürsət kimi dəyərləndirən müharibə caniləri - Robert Koçaryan və Serj Sarqsyan da yaranmış vəziyyətdən yararlanaraq xalqı Paşinyanı devirməyə çağırdılar.

Keçən bir sutka ərzində dünyanın bütün siyasi mərkəzləri Ermənistanda baş verən hadisələrə münasibət bildirdilər. BMT Baş Katibliyi, Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistandakı qanuni hakimiyyəti dəstəklədiklərini bəyan edərək müxalifəti hüquqi müstəvidən kənara çıxmamağa çağırdılar.

Göründüyü kimi, hadisələr hələlik gərginliyin artmasına doğru gedir. Siyasi gedişlərin ardıcıllığını erməni xislətinə xas olan əlamətlər prizmasından dəyərləndirsək, Ermənistanın siyasi həyatında xəyanətkarlıqla hiyləgərliyin üz-üzə gəldiyini görürük. Xain Qaspayanın siyasi gedişi hiyləgər Paşinyanın müqavimətinə rast gələrək “pat” vəziyyəti yaradıb. Hələlik bu vəziyyətdən çıxış yolunu sadələşdirmək prezident Armen Sarkisyanın əlindədir. Belə ki, o ya Onik Qasparyanın vəzifəsindən azad olunması haqqında baş nazirin əmrini imzalamalı, ya da son qərar verilməsi üçün konstitusiya məhlkəməsinə müraciət etməlidir. Sarkisyan isə bunların heç birini etməyə tələsmir, yaranmış “pat” vəziyyətindən necə yararlanmaq və real hakimiyyəti öz əlinə keçirmək haqqında düşünür. Bu da erməni xislətinin “bulanıq suda balıq tutmaq sevdası”nın göstəricisidir. Sarkisyanın düşüncələrini düzgün oxumağı bacaran Paşinyan isə daha bir bəyanat verərək bildirdi ki, əgər prezident bu əmri imzalamasa, o özü da hərbi dövlət çevrilişinin iştirakçısı hesab ediləcək. Beləliklə, Paşinyanın gedişləri hələlik inamlı və təsirlidir. 3 gün ərzində Armen Sarkisyan tərəfindən bu addımların heç birinin atılmadığı təqdirdə baş nazirin əmri avtomatik olaraq qüvvəyə minəcək və gərginlik özünün sonrakı mərhələsinə qədəm qoyacaq.

Bu və ya digər halda əmr qüvvəyə mindikdən sonra gediş etmək növbəsi Qasparyana keçir. O zaman Qasparyan suqsvanq vəziyyəti ilə üz-üzə qalacaq. Bu isə o deməkdir ki, Qasparyanın seçəcəyi istənilən yol onun ziyanına işləyəcək. Hadisələrin sonrakı gedişini Qasparyanın əmrə tabe olub-olmayacağı həll etməlidir. Əlbəttə, Baş qərargah rəisinin əmrə tabe olaraq vəzifədən getməsi vəziyyəti sadələşdirə bilər. Lakin bu addım bir tərəfdən, onun qorxaqlığını göstərəcək və ölkənin siyasi səhnəsindən birdəfəlik silinməsinə gətirib çıxaracaq, digər tərəfdən isə bu addımı ilə Qasparyan yenicə tərəfinə keçdiyi müxalifətin son ümidlərini də birdəfəlik dəfn etmiş olacaq. Qaspayan könüllü olaraq vəzifəsindən getməkdən imtina edəcəyi halda isə ölkədə vətəndaş müharibəsi qaçılmaz olacaq.

Bu gün Ermənistanda vəziyyət bu qədər mürəkkəbdir. Səbəbi isə bu günlə bağlı deyil. Erməni xalqının başına gələn bu fəlakətlərin səbəblərini 100 il ərzində onların şüurlu surətdə öz beyinlərinə doldurduğu miflərin təsiri altında əxz etdikləri və inandıqları “böyüklük” və “qədimlik” sindromunda və bu sindromdan doğan əsassız iddialarında axtarmaq lazımdır.


Müəllif: Cavanşir Feyziyev