3 İyun 2021 23:14
6 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostum Elnur bəyin sayəsində xəbərim oldu.

Türkiyənin önəmli sənətçisi Haluk Levent dünən Tvitterdə “Kurtalan Ekspress” qrupunun Baş gitaraçısı Əhməd Güvəncin həmkarları üçün atdığı addımı paylaşıb. Ə.Güvənc Haluk bəyə göndərdiyi mesajda belə yazıb: “İllərdir səhnədə ifa etdiyim bas gitaramı musiqiçi qardaşlarımın ödənişləri üçün satışa çıxarıram”.

Haluk Levent də Tvitter hesabında 10 dəqiqə müddətlə gitaranı hərraca çıxarıb.

Niyə?

İki ildir tüğyan edən koronavirus pandemiyası bir çox sahələr kimi Türkiyədə musiqi biznesinə də ağır zərbə vurub. Konsert verə bilməyən, albom çıxara bilməyən, toylarda ifa edə bilməyən sənətçilər də maddi vəziyyətlərindən şikayətlənməyə başlayıblar. Buna görə də Əhməd Güvənc bu addımı atmağa qərar verib.

Bunun bizim üçün önəmi nədir?

Əhməd Güvənc Azərbaycan və Türkiyənin ortaq dəyəri Əhməd bəy Ağaoğlunun nəticəsidir. 1951-ci ildə Ankarada doğulub. Türkiyədə daha çox 1976-cı ildən etibarən “Kurtalan Ekspress” qrupunun baş gitaraçısı olaraq tanınıb, Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb. Məşhur “Gülpembe” mahnısının da bəstəkarıdır.

Əhməd bəy Tezer Taşkıranın qızı Suna xanımın oğludur. Suna xanımın birinci evliliyindən dünyaya gəlib. Tezer xanım Əhməd Ağaoğlunun ikinci qızıdır. Ailədə ilk nəticə olduğuna görə dədəsinin adını qoyublar.

Əhməd bəy gəncliyindən bu insanların əhatəsində böyüyüb. Həmkarımız Hafiz Əhmədova verdiyi müsahibəsində maraqlı bir fikir işlədib: “Onlar mənə əxlaqlı olmağı, vətəni sevməyi, əziz Atatürk kimi intizamlı və çalışqan olmağı öyrətdilər”.

Azərbaycanda bir neçə dəfə olub Əhməd bəy. Amma Şuşa işğalda olduğu üçün ziyarət edə bilməyib. Ötən ilin oktyabr ayında mətbuata verdiyi müsahibədə ən böyük arzusunun Şuşadakı ata evini görmək olduğunu demişdi. Çox keçmədi ki Şuşa azad edildi. Yəqin ki, qısa zamanda Əhməd bəy bu arzusuna qovuşacaq.

Haluk Leventin hərracına gəldikdə.

Hərrac baş tutmayıb. Çünki memar Əbubəkr Şahin Haluk Leventə zəng edərək belə deyib: “Biz “Kurtalan Ekspress” ilə böyüdük. Bas gitara Əhməd abidə qalsın. O, həmişə ifa etsin, sabah hesabına 40 min lirə göndərəcəyəm”.

Əhməd Güvənc sənətçidir. Sənətçinin də ən qiymətli əşyası onun alətidir. Həmkarlarının düşünərək mənəvi dəyəri yüksək olan musiqi alətini satışa çıxarmaq onun böyüklüyünü göstərir. Daha neçə sənətçi bu addımı ata bilərdi?
Gitarasından vaz keçən adamın babaları nələrdən vaz keçməmişdi ki?

Dədəsi Əhməd bəy Fransada qalıb Avropa səviyyəli şərqşünas olmaqdan vaz keçmişdi.

Difaini quraraq bütün həyatından vaz keçmişdi.
Sürgünə gedərək ailəsindən vaz keçmişdi.

Amma bu ailə heç zaman məhrumiyyətlərdən qorxmadı. Gün gəldi Türkiyədə nazir oldular, gün gəldi həbsxanaya göndərildilər.

Əhməd Güvənc də o ailənin sənətçi üzvü kimi edə biləcəyi addımı atmışdı.

Nə yaxşı ki, Türkiyədə Haluk Levent kimi sənətçilər var.
Nə yaxşı ki Əhməd Güvənc kimi ifaçılar var.


Müəllif: Dilqəm Əhməd