Beş-on nəfərin qüsurunu, çatışmazlığını bütün topluma, millətə, xalqa aid eləməyin tərəfdarı deyiləm.
Belə qüsuru görüb car çəkənlərin çoxu adətən, özünü "üstinsan" mərtəbəsində təsəvvür eləyir; yəni baxın, millət nə gündədi, amma mən onlardan fərqlənirəm. Sosial şəbəkələrdə yazılmış tənqidi statusların bir çoxunun alt qatında bu iddia, bu təqdimat dayanır.
Düzdü, bəzən kefimizi pozan bir hadisəni, qarşımıza çıxan pisliyi bütün bəşəriyyətin korlandığına təkzibolunmaz nümunə kimi qavrayırıq.
Deyirlər, Səttar Bəhlulzadə Mirzə Ələkbər Sabirin "Fəxriyyə" şeirində "Öz qövmümüzün başına əngəl-kələfiz biz" misrasını oxuyub, yumruğunu stola çırpıb deyirmiş: "Elə bil millətin "peçat"ını vurub..."
Sərt yanaşmadı. Mənsə Vaqif Bayatlının Səttarın ölümünə yazdığı sevgi dolu kövrək şeirdən bir parçanı xatırlayıram:
Çox ölüm-ölüm deməyin,
Ölsəydi,
Bu dünyanın qara torpaqları
Doldurammazdı
Qocanın üz qırışlarını...
Çox ölüm-ölüm deməyin...
Su kimi çəkilib torpağa
getdi...
***
Cəlil Məmmədquluzdənin birinci şəxsin dilindən nəql olunan "Molla Fəzləli" hekayəsində İrandan gəlmiş bir qonağın gecə macəralarından bəhs olunur.
Molla Fəzləli adlı bu mərsiyəxan qonaq qaldığı evdə gecələr yata bilmir; yatdığı otaqda oxuyur, həyətə çıxıb tut ağacına dırmaşır (bütün bunları nədənsə birinci evin xanımı görüb ərinə xəbər verir). Nəhayətdə mollanı bir arvada siğə eləyib rahatlıq tapmaq istəyən ev sahibləri üçün bu dəfə gecələr başqa hadisə vaqe olur...
Bu dəfə Molla Fəzləli gecələr pəncərəni döyüb qüsl almaq üçün ev sahibindən onu qonşunun hamamına aparmasını istəyir.
"Allahü-əkbər! Lənət şeytana! A kişi, bilmirəm gecənin nə vaxtı idi, yuxuda qulağıma bir taqqıltı gəldi. Gözlərimi açıb bir şey başa düşmədim. Bir qədər də qulaq verib gördüm ki, pəncərəmizin şüşəsini birisi yavaşca taqqıldadır. Qalxdım və gözlərimin bulaşığını silə-silə gördüm ki, bir əmmaməli adam, əba çiynində durub həyətdə, pəncərənin qabağında. Baxdım ki, bu, qonağımız Molla Fəzləlidir. Çox təəccüblə soruşdum:
- Axund, nə var? - Qonağım yavaşca və guya xəlvətcə dedi:
- Hamama... "
Özünə təzə gecə həmdəmi tapmış qərib qonaq gecələr evin kişisinin beynini... lənət şeytana, beləcə xarab eləməyə başlayır, axırda onu yola salırlar, çıxıb gedir. Əvvəl siğə elədiyi arvadın evinə, sonra İrana.
***
Ədəbiyyatın işi insan anomaliyalarını qeydə almaqdan ibarətdi. Mən ədəbiyyata baxıb insanlara, cəmiyyətə, mühitə qiymət verməyin, tələsik ümumiləşdirmə aparmağın da tərəfdarı deyiləm. Amma bəzən oxuduğun əhvalatların bir az dəyişmiş formada qarşına çıxdığını görəndə fikrə getməli olursan.
Hər dəfə metro girişində bütün yaş qrupuna aid bir dəstə adamın - qocadan cavana - metro kartı olan birisinin gözlədiyini görəndə xeyli təəccüblənir, bir balaca da əsəbləşirəm. Eynən həmin axund hamam istəyən kimi yaxınlaşıb xırda pul uzadır, "yavaşca və guya xəlvətcə" deyirlər:
- Ağsaqqal, məni də keçirərsən?
Əynində fəslə uyğun şalvarı, köynəyi, paltosu, donu, koftası olan, yolu-rizi tanıyan, üzündən normal qidalandığı, yatıb-durduğu bilinən, hər iki cinsdən bu insanların 2 manatlıq metro kartı almasına maddi cəhətdən imkan çatmadığını deməyin, lütfən. İnanan deyiləm. Mən əlacsız və köməksiz insanları gendən tanıyıram.
Bir dəfə orta yaşlı birisindən nə üçün kart almadığını soruşdum. Artıq keçidi keçmişdik. Üzümə qabardı: "Evdə ikisi var, amma yadımdan çıxıb..."
Nə deyəsən?!