Teleqraf.com Nuranə Nurun şeirlərini təqdim edir:
Cəsarət
Adam cəsarətlə doğulmur,
Cəsarətlə böyümür, yaşamır.
Cəsarəti öyrətmirlər adama.
Qazanırlar onu.
Yaltaqların, nadanların,
qanmazların qarşısında susduqca,
həyatımızı burnumuzdan qusduqca qazanırıq.
Həvvanın cəsarətini qınayırıq min illərdi,
o ağacı, o nəfsi yaradanı qınamırıq.
Biz yalnız ölümün üstünə cəsarətlə gedirik,
çünki ondan çox zəifik.
İlk cəsarətimi xatırlayıram -
yelləncəkdə ipdən buraxmışdım əlimi.
Sonuncunu yox.
Əslində
Kimsə kimsəni tərk etməz əslində,
Yalqızlıq zamanın işidir.
Şairlərin paylaşa bilmədiyi bəd duasını
Hər gün yanından keçib getdiyin,
quş yuvasını bu gün görməkdi.
Boy atdı yenə sözlər,
yaşanmamış sevgilərə yazılan şeirlər kimi…
Boyatdı yenə sevgilər,
ulduzları baxışlarınla söndürürmüş kimi…
Bir çılpaq fəsildə düşmək zamanın ayaqlarına ,
Yalvarmaq, yalvarmaq,
Mümkünsə, düm ağ geyinənə kimi…
Yalqızlığını basıb bağrına
Bu şəhərin ən qaranlıq küçəsində belə,
gizlənə bilməmək səhərə kimi…
Üst başından təmizləmək sevgiləri,
Üstündə bir ümid də cücərməyən,
Gələcəyə könül vermək, can verənə kimi…
Ağlına gəlməyən yerdə
Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Tac elədin onu qürurlu başına,
Soyundun qarşısında
Ömür boyu soyunmaqdan utandığın
Iki kəlmədən ibarət
o ən uzun cümləni...
Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Güdüzlərindən Gün,
Gecələrindən Ay,
Ruhundan can,
Ciyərindən nəfəs,
Ümidsizliyindən ümid,
imkansızlığından imkan,
ayırdın, ona bağışlamağa...
Həyatlandın səsinin qucağında,
Günəşləndin kölgəsində...
Çox canlar yaxmışdın,canım,
İndi səni odlayan bu közdən,
bircə ovuc əksilərsə,
Ciyərlərimə batar bu küt nəfəs,
Gülməz üzümə aynalar,
Gülməz bir də...
Mümkün olsa gizlədərdim bu dünyanı,
Ağlına gəlməyən yerdə...
Getsəm...
Getsəm, tək getməyəcəm,
Bir dost, bir sirdaş,
Bir ana, bir bala,
Bir sevgili götürəcəm özümlə...
Getsəm tək getməyəcəm,
Bir doğmalıq, bir anlayış,
Bir rahatlıq, bir təbəssüm,
Bir də,
bir ilıq baxış götürəcəm özümlə...
Getsəm tək getməyəcəm,
Ayı, Günəşi, Göy üzünü,
Dənizləri, çayları,
İlləri, ayları götürəcəm özümlə...
Getsəm tək getməyəcəm,
Təmizləri, əsilləri,
Yağışları, qarları,
Bir də bütün fəsilləri
Götürəcəm özümlə...
Getsəm, tək getməyəcəm,
Arxamca çox ağlama.
heç nə qalmadı məncə,
Yığdım kiçik bağlama.
Getsəm tək getməyəcəm
Aparacam hamını,
Aparacam hər şeyi.
Getsəm gedəcək mənlə,
Doğulmayan, ölməyən
O körpə balamız da,
Onu bölə bilmərik,
Amma bu kainatı,
Bölmüşdük aramızda.
Təkcə xatirələri
yığıb qurtara bilmədim.
Bu boyda bağlamaya
Hamısı sığmır baxdım.
Sənə ancaq dünyada,
Yer tutmayan ən böyük,
əşyaları buraxdım.
İşarə
Barmağına bir işarə qoy,
Unutmaq üçün...
Ayağına küçələri dola,
Qaçmaq üçün...
Dərin bir nəfəs al,
Boğulmaq üçün...
Vəssalam.