7 Oktyabr 2016 14:13
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulnamə 5

2011-ci ilin 12 noyabrında İstanbulda Gülhanə parkının girişindən solda yeni bir ədəbiyyat muzeyi və kitabxanası açıldı.

Açılış günü MotsartŞopenin əsərləri çalındı.

Muzeyin yerləşdiyi bina Osmanlı dönəmində Alay köşkü adlanırdı. Belə ki, padşah alayların keçidini buradan salamlayırmış, buna görə də köşkə həm də Selam köşkü deyilirmiş.

1810-cu ildə Sultan II Mahmud tərəfindən tikilən Alay köşkünün üst hissəsində taxt salonu, iki salon, üç otaq, alt mərtəbədə isə 2 otaq mövcud olub.

Dolmabağça sarayının tikilməsindən sonra Alay köşkü müxtəlif məqsədlər üçün istifadə edilir. 1910-cu illərdən etibarən Gözəl Sənətlər Birliyinin mərkəzi olur. 18 iyul 1928-ci illərdən etibarən “Sanayi-Nefise” – Gözəl Sənətlər Birliyinin ədəbiyyat şöbəsini qurmaq üçün o vaxtın ədəbiyyatçıları bu köşkdə bir araya gəlirlər.

Həmin şöbənin üzvlərindən biri də məşhur türk şairi, yazıçısı Əhməd Həmdi Tanpınar idi.

Tanpınar bu şöbəyə 1929-cu il sentyabrın 19-da üzv seçilib.

Bu baxımdan 2011-ci ildə keçmiş Alay köşkü muzey və kitabxana kimi fəaliyyət göstərməyə başlayarkən Tanpınarın adı verilir.

Muzeydə 9 mindən çox kitab, yüzə yaxın divanın orijinalı və surəti mövcuddur. Kitabxana bölümü 100 ədəd müxtəlif ədəbiyyat dərgisinə abunədir.

Muzeydə 50-yə yaxın yazarın 150-yə yaxın yazı makinası, eynək, qələm, foto və müxtəlif materialları saxlanılır. Muzey mütəmadi olaraq sərgilərə ev sahibliyi edir, həmçinin oxucuların rahat gün keçirmələri üçün kafe xidməti də mövcuddur.

***

Muzeyə getdiyimiz gün hava yayın son günlərinə şahidlik edirdi. Ona görə də istanbullular bu gözəl havadan faydalanaraq kitabxanaya deyil, Gülhanə parkının özünə axın etmişdilər.

Kitabxana/muzeydə 10-a yaxın oxucu ancaq vardı. Muzey pulsuz olsa da, zəngin kolleksiyaya sahiblik etsə də, oxucular nədənsə gəlməmişdi.

Otaqlarda kitablar və muzey əşyaları bərabər şəkildə düzülüb. Tanpınara aid bölümdə şairin kitablarının ilk nəşrləri, şapkası,eynəyi, tələbələrindən birinin onun dərsində aldığı qeyd dəftəri sərgilənir. Eləcə də,Tanpınarın da fotosu olan millət vəkili albomu şüşə arxasında idi.

Qeyd edək ki, Tanpınar 23 iyun 1901-ci ildə İstanbulda doğulub. 1919-cu ildə İstanbul Darülfünunun Ədəbiyyat bölümünə daxil olub, 1923-cü ildə buranı bitirib. Ərzurum, Konya, Ankarada ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1933-cü ildə Gözəl Sənətlər Akademiyasında sənət tarixi müəllimliyinə təyin olunub. 1942-ci ildə Maraşdan millət vəkili seçilib.

1943-cü ildə ilk kitabı olan “Abdullah əfəndinin röyaları” yayımlanıb.

24 yanvar 1962-ci ildə vəfat edib, dostu, müəllimi Yəhya Kamalın yanında dəfn edilib.

***

Muzeydə ən maraqlı eksponatlar məşhur yazarların bir zamanlar işlətdikləri makinalar idi. Hazırda “Hürriyyət” qəzetinin sənət yazarı Doğan Hızlanın makinasında yazılmış son vərəq də makinanın üzərində idi. Hızlan son qeydində bunu yazıb muzeyə hədiyyə verib: “Bu daktilo ile nice yazılar yazılıb sayfalara...”

Gördüyümüz digər makinalar isə Çetin Altana və Özel Arabula aid idi.

Muzeydə Türkiyə ədəbiyyatında önəmli isimlər olan Ayşe Kulin, Ataol Bəhramoğlu, Mehmet Ünver, Atilla Atalay, Özdemir Nutku, Ayşegül Yüksel kimi şəxslərə məxsus qələmlər, eynəklər sərgilənir.

Ataol Bəhramoğlu qol saatını da muzeyə bağışlayıb.

İskəndər Pala isə muzeyə bir saatını, bir qələmini, uşaqlıq fotosunu və İstanbul Universiteti Ədəbiyyat fakultəsində çalışdığı dönəmə aid bir vəsiqəni hədiyyə edib.

Zülfü Livaneli isə eynəyini bağışlayıb.

Muzeydə sağlığında büstü qoyulan ədəbiyyatçılardan isə Türkiyəyə Nobeli qazandıran Orxan Pamuka aid bölüm var. Burada onun haqqında bilgilər verilib, kitabları sərgilənib. Digər bir büst isə Nazim Hikmətindir.

Muzeyi maraqlı edən cəhət də hazırda yaşayan yazıçılara aid əşyaların da burada olmasıdır. Bu faktı Türkiyədə ədəbiyyata verilən önəmin də bir hissəsi saymaq olar.

Kitab oxumağa vaxtımız (!) olmadığına görə muzeyi tərk edir, biz də Gülhanə parkında günəşin son şüalarından nəsiblənmək üçün oraya doğru yürüyürük...

Dilqəm ƏHMƏD

Fotolar müəllifindir.


Müəllif:

Oxşar xəbərlər