Müdrik ruh
Bu iş otağında, yazı masasının arxasında şairin övladlarına, ailəsinə, xalqa əmanət qoyduğu Zəlimxan Yaqub ruhu var idi. Oğlu Bəhlul bizimlə söhbətdə sanki o ruhun pıçıltılarını sözə çevirdi. Yəni biz bir növ, həmin ruhla da ünsiyyətdə olduq. Xalqın milli yaddaş sistemindən, irfani özünüdərkindən şirə çəkərək böyüyən, axırda Zəlimxan Yaqub boyda olan o ruh indi də bu evin ağsaqqalı, yolgöstərənidir. Oğlunu dinləyərkən bunu anlamaq çətin deyil:
“Şairin böyük oğluyam. İlk övlad idim deyə, atamla aramızda ata-oğul deyil, dostluq münasibəti daha çox oldu. Hər zaman çalışdım ki, ona münasibətdə düz olum. Gənclikdən irəli gələn bəzi xoşagəlməz məqamları da birbaşa özünə deyirdim. Bilirdim ki, elədiyim səhvi deyəndə atam mənə düz istiqamət verəcək. Dəfələrlə olub ki, onun iş otağında, yazı masasının ətrafında ata-oğul dostyana söhbət etmişik, müzakirə aparmışıq. Məndən hər mənada savadlı, təcrübəli olmasına baxmayaraq, bütün fikirlərimə hörmətlə yanaşırdı.
Biz kökə, ruha, türkçülüyə, xalqın milli yaddaşına bağlı ailəyik. Təsadüfi deyil ki, atamıza həmişə “baba” demişik. Bunun da tarixçəsi var: təzə dil açdığım vaxtlar idi. O zaman Yasamal rayonunda ”Qanlı göl” deyilən ərazidə yaşayırdıq. Gördüm, uşaqların hamısı atalarına “papa” deyir. Mən də evdə atamı o cür çağırdım. Dedi, bir də məni elə çağırma, “papa” rus sözüdür, “baba” de.
Təpədən-dırnağa şair idi, təpədən-dırnağa milli kökə bağlıydı. O, yeni çıxan texnologiyaları sevməzdi. Bircə mobil telefonu var idi ki, onda da “yes”lə “no”dan başqa ayrı şey bilməzdi. Beynini sanki ayrı nə iləsə yormaq istəmirdi. Yaşam tərzinə görə də sırf xalq adamı idi. Son gününə qədər də xalqın ruhunu yaşatdı.
Atamla təkcə ona görə fəxr etmirəm ki, o böyük şairdi. Həm də ona görə fəxr edirəm ki, Zəlimxan Yaqub böyük şəxsiyyətdir. Bəzən deyirlər ki, Zəlimxan Yaqubdakı bu hafizə hardandı? Burada təbii ki, Allahın verdiyi fitri istedad var. Amma beynin yaxşı qalması üçün insanın birinci ürəyi təmiz olmalıdı. Əgər paxılsansa, ürəyin xıltla doludursa, beyin heç vaxt zəruri bilgiləri qəbul etməyəcək. Çünki beyinə gedən yol ürəkdən keçir.
Artıq 38 yaşım var, özümü biləndən, atamın bircə dəfə də olsun hansısa şair-yazıçı haqqında pis danışdığını eşitmədim. Çünki mənən böyük idi. Biz belə gördük, belə də yaşadıq. Atam içəri daxil olanda hamımız ayağa durardıq. Çalışırdıq ki, övladlarımızı onun yanında qucağımıza almayaq. Həmişə də ailə olaraq çalışdıq ki, atamızın adına ləkə gətirməyək, ona layiqli övlad olaq”.
Türküstan qoxulu xatirələr
Oğlundan atasının iş otağı ilə bağlı nə kimi xatirələrinin olduğunu soruşub maraqlı cavab aldıq. Müsahib deyir ki, bu otaq xalq yaddaşından, türk bozqırlarından qopan xatirələrlə doludu. Ölümündən sonra hər dəfə bu qapını açanda bir otaq dolu xatirə adamı qarşılayır:
-Bu iş otağı təkcə müstəqil Azərbaycanın yox, elə türk yaşayan bütün yerlərin-Cənubi Azərbaycan, Türküstan ellərinin rayihəsini, qoxusunu daşıyan xatirələrlə doludur. Sazlı-sözlü xatirələr o qədərdir ki, hansı birini deyim? Məndən ötrü ən böyük xatirə qapıdan girəndə atamın yazı masasının arxasında ilhamla yazdığı anlardı. O, yazı masasının arxasında işləyəndə sanki Cənubi Azərbaycandan tutmuş Altaya qədər bütün türk dünyasının ruhu bu otaqda dirilirdi. Saz səsi də o dirilişdən qopurdu...
-Şairin yoxluğunda bu otağa daxil olmaq sizlər üçün nə dərəcədə ağırdı?
-Atamın vəfatından sonra onun iş otağına daxil olmaq, yazı masasına yaxınlaşmaq mənim və ailəmiz üçün çox ağırdı. Amma onun böyük kitabxanası, dəyərli əlyazmaları, səliqəli arxivi var ki, atamın söz dünyası onlardadı. Bu gün atamı cismən görməsək də, o böyük dünyanın qorunduğu kitablarından təskinlik tapırıq.
Atamı bizə xatırladacaq ən böyük qüvvə onun əsərləri, bir də xalqın sevgisidi. Hər dəfə ona olan sevginin şahidi olanda sanki atamı yenidən görürəm. Sağlığında da sözsüz ki, bu böyük məhəbbəti görmüşəm. Təsəvvür edin ki, maşınla yol gedirik, mən sürürəm, atam da yanımda oturub. Maşın işıqforda dayananda pəncərənin şüşəsini aşağı endirib, yazdığı şeiri birbaşa atama oxuyan adamlar olub.
“Yaddaş xəzinəsi”
Poeziyamızın “yaddaş kartı” sayılan Zəlimxan Yaqub danışanda özü ilə bərabər Dədə Qorqudu, Qurbanini, Pir Sultan Abdalı da dilləndirərdi. “Haqdan dürlü xəbərlər söyləyən” ozanlar ozanı, “gəl, gör məni eşq neylədi” deyən sufi bu yaddaşda dirilərdi. Amma Zəlimxan Yaqubda sanki başqa irfan yolçuları kimi Haqqdan gələn sirr gizlənirdi. Bəhlul müəllimdən o sirrin qaynağını xəbər alırıq:
-Zəlimxan Yaqubun irfan yolçuluğunu onun böyüyüb boya-başa çatdığı mühitlə əlaqələndirərdim. Özü deyərdi ki, mən uşaq olanda nənə-babalarımız həmişə ilahilər söyləyərdilər: “o cənnətin irmaqları axar, “Allah” deyə-deyə”. Bu Yunus Əmrədəndir. Atam etiraf edirdi ki, uzun illərdən sonra ədəbi mühitə gələndə, söz dünyasına varanda, gördüm, nənə-babalarımızın oxuduqları elə öz ruhum imiş. Beləcə, atam son dəqiqəsinə qədər ancaq öz ruhunu yazdı.
Bir gün Almaniyada olanda mənə dedi ki, bala, çalış, sənə pislik edənə də yaxşılıq et. Soruşdum, ay ata, mənə yamanlıq edənə necə yaxşı olum? Dedi, elə bil, mən Mövlanəyəm, sən də Ələddin (gülür): Mövlanənin oğlu Ələddin onunla heç zaman yola getməzdi. Baxın, adi həyati misalları da irfan dünyasından çəkərdi. Düşünürəm ki, Zəlimxan Yaqub bir Haqq yolçusu kimi də pünhan deyildi. Sufilərin, dərvişlərin yaşam tərzini müəyyən mənada öz həyatına tətbiq etmişdi. Bahalı geyimə, maşına əhəmiyyət verməzdi. Hansısa tədbirə getdiyi zaman təsadüfən görərdin ki, kostyumun ayaq hissəsində nəsə ləkə var. Deyirdim, ay ata, bunu dəyiş. “Kimdi ona fikir verən?” deyib keçərdi. Elə adam idi.
Küskün saz
Şairin yazı masasıyla bərabər, ona həmdərd başqa bir dostu da saz olub. Bəhlul müəllim atasının saza olan sevgisindən ürəkdolusu danışır, amma... Şairin ölümündən sonra həmin saz küskün uşaq kimi yazı masasının yerləşdiyi iş otağında dayanıb durur. Ömrünün son illərində xəstələnən şair sazı ölənə qədər dilləndirmədi. Oğlunu dinləyək:
-Acılı-şirinli vaxtlarında saz atamın ən yaxın dostu olub. Dünyaya gələn nəvələri ilk dəfə bu evə gətiriləndə, atam hamısının beşiyinin üstündə “Ruhani” havası çalıb. Saz, söz, yazı masası ömrünün əsas hissəsi idi. Amma atamın sonuncu saz ifasını xatırlamıram. Çünki 2009-cu ildə səhhətində ciddi problemlərin olduğu bilindi və cərrahi yolla böyrəyini çıxardılar. Mətbuatda ilk dəfə sizə deyirəm: ömrünün axırına qədər atamın əsas xəstəliyini ondan gizlətdik. Mətbuat da xəstəliyi səhvən böyrək çatışmazlığı kimi bildi. Amma o, xərçəngdən dünyasını dəyişdi. Özü də son gününə qədər bunu bilmədi. İstər Almaniyada, istərsə də, burada imkan vermədik ki, həqiqəti bilsin. Almaniyada tərcüməçiyə səhv tərcümə etdirirdim ki, atam xəstəliyinin nə olduğunu bilməsin. Amma o xəstəliyə tutulandan sonra əlinə saz almadı. Bir dəfə soruşdum ki, ay ata, niyə saz çalmırsan, dedi, hansı günümə çalım? Onun əhvalını son beş ildə yaxşı görmədim. Yəqin, buna görə də əlinə saz almadı.
Müsahibimizdən şairin ömrünün son günləri barəsində danışmasını xahiş edirik:
-Zəlimxan Yaqub xəstəliyi ilə sona qədər barışa bilmədi. Danışanda zalları lərzəyə gətirən Zəlimxan Yaqub xəstə halı ilə barışmadı. Xəstə olduğu beş il ərzində hər zaman atamla idim. Almaniyaya birgə gedirdik. Axırda bir ay xəstə yatdı. Ölümünə iki gün qalmış çarpayıda oturaraq, hamımızı yanına çağırdı, bircə cümlə işlətdi: “Vətənim, millətim, dövlətim üçün layiqli ömür yaşadım. Sizə də onu arzulayıram”. Axırıncı sözü bu oldu...
Sonuncu gün vəziyyəti yaxşı deyildi, möhkəm öskürürdü. Ağciyərində də problem var idi deyə, elə bildim o səbəbdən öskürür. Sən demə, bu əslində son xırıltıları imiş. Gördüm, möhkəm öskürür, qucağıma aldım, başını bir az qaldırdım. Öskürək kəsmədi. Başını astaca yerə qoydum, elə qucağımda keçindi.
Ömrünün son illərində Almaniyada bir neçə dəfə müalicə olunan şair səfərdə olarkən, “vətən, vətən” deyib kövrəlirmiş:
-Bəzən deyirdi ki, dəftər-qələmi götür, daha işləyə bilmirəm. Amma bir də görürdün, səhər oteldən hospitala gedəndə deyirdi ki, Bəhlul, axşam yaman işləmişəm. Bir gecəyə 12 şeir yazmışdı. Bir Azərbaycandan, bir də nəvələrindən ötrü darıxırdı. Onun Azərbaycanı nə qədər sevdiyini sözlə ifadə edə bilmirəm.
-Ölümündən sonra Zəlimxan Yaquba olan münasibət şairin ailəsini nə dərəcədə qane edir?
-Ölümündən sonra Zəlimxan Yaqubu yenidən kəşf elədim. İnsan nə qədər düz yaşayarmış? İstər yüksək dairələrin, istərsə də, xalqın sevgisi Zəlimxan Yaqub yaradıcılığına olan diqqətdirSöhbətləşdiyimiz otaq bu gün poeziya ocağıdır. Müxtəlif yerlərdən Azərbaycana gələn söz adamları özlərinə borc bilirlər ki, Zəlimxan Yaqub ocağını, yazı masasını ziyarət etsinlər. Xalq elə bir qüvvədir ki, onun ürəyinə yol tapdınsa, süzgəcindən keçdinsə, səni heç vaxt unutmayacaq.
“Aydın yol”, Elmin Nuri