27 Yanvar 2017 12:57
2 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Şahinə Könülün şeirlərini təqdim edir:

***

Dünya yaman soyuqdu,

İstilər, ay istilər.

Başım üstən küləklər,

Əsdilər, ay, əsdilər.

Yordu məni o ki, var,

Boş-bekara qayğılar.

Təmiz hisslər, duyğular,

Küsdülər, ay, küsdülər.

Ha dedim, ürək, qorun,

Çiçəksən, çiçək, qorun.

İndi də korun-korun,

Tüstülə, ay, tüstülə.

***

Darıxmışam səninçün,

Ay təmiz, ağ ürəyim.

Hardasan, ay bənövşə,

Nərgiz, zanbaq ürəyim?

Kimdi sənə daş atan,

Kimdən gəldi xoş xatan,

Eşqi qanına qəltan,

Köksü dağ-dağ ürəyim?

Ağlama, bəsdi, kiri,

Dedimmi, sevmə şeri,

Ay bir zaman dipdiri,

Ay sappasağ ürəyim?!

İndi yan-yaxıl belə,

İndi çox sıxıl belə.

Mərd Şahinə Könülə,

Namərd, alçaq ürəyim…

QARIŞQALAR

Mən sizi öldürmürəm,

Yaşayın, qarışqalar.

Sizin də bu dünyada,

Yaşamaq haqqınız var.

Sizin də istəyiniz,

Sizin də sevginiz var.

Yox, sizi öldürmərəm

Dünya sevgisiz qalar.

Bu dünyanın ən duru,

Ən təmiz sevgisi - siz.

Bəlkə də siz ALLAH-ın,

Ən əziz sevgisisiz.

Bəlkə də sizi yerə

Qəsdən göndərib ALLAH.

Göndərib, biz bəndələr,

Sevginizdən dərs alaq.

Bir qarışqa hayına,

Qarışqa qoşun gəlir.

Baxıram bu sevgiyə,

Baxıram, xoşum gəlir.

İnsan olan insanın,

Hayına çatmır, bacım.

Bəlkə əl tutmaq üçün,

Qarışqaya əl açım?

Dünyanın sevgi yolu,

Desələr hardan keçir?

O, burda - Yer üzündə

Qarışqalardan keçir.

Yox, sizi öldürmərəm,

Yaşayın, qarışqalar!

Siz ölsəz, Yer üzündə,

Fikirdən qırış qalar.

***

Min yol gedir bir yerə,

Bir gedir minə doğru.

Hamının yönü birdir,

Hərə bir yönə doğru.

Baxdım içimdə çoxdum,

Çıxdım çölümə, yoxdum.

Dünəndən bəri baxdım,

Sabahkı günə doğru…

Axtar, gəz, gör hardayam,

Gizlində, aşkardayam.

Sən hardasan, ordayam,

Gəlmə, sən mənə doğru.


Müəllif:

Oxşar xəbərlər