Lağım köşəsi
Boyat düşüncələrdən
(Dinlə ilgili yeni nəslə demədiklərimdən)
Qurani-Kərimin özəlliyindən (1980-ci il)
Quran mətni öz çağının və öncəki çağların başqa tekstlərinin qurulma qaydalarını davamlı inkar edir. Bəzən hansısa qayda ilə barışsa da (tutalım, fəsillərə ad vermə qaydası ilə), həmən ondan sapınır. Örnəyin, bilinmir niyə mövzuda önəm olmayan və ya böyük rolu bilinməyən sözlər (tutalım, "inək-bəqərə”, "bal arısı-nəhl”) surələrin adına çıxır? Beləcə, Quran mətn kimi dünya mədəniyyətini bilinməzliklərlə üzbəüz qoyur.
Qurani-Kərimin başqa bir çəkimli özəlliyi onun söyləm, təhkiyə quruluşundadır. Bibliyada birləşmiş peyğəmbər kitablarının, demək olar ki, hamısında (Davudun zəburlarını, Süleyman məsəllərini çıxmaqla) oxucunu gərginlikdə saxlayan süjetə düzülmüş olaylar var. Bu kitablar baş verənləri rəvayət etməklə məşğuldurlar. Qurani-Kərimdə isə oxucuya rəvayət söyləməklə onun marağını tutub saxlamaq qayğısı sezilmir: İslamın Qutsal Kitabında olaylar ucundan-qulağından danışılır. Mətn elə bil, ona söykənir ki, oxucu olayı bilir, ona görə də rəvayət etməyə gərək yoxdur. Yetərlidir ki, olaydan bir neçə kəlmə söyləyəndən sonra İlahi buyruqlar, tapşırıqlar, düşüncələr söylənilsin. Örnəyin, «Fil» surəsində deyilir:
"Görmədinmi Rəbbin fil yiyələrinə nə etdi? Onların qurduğu tələləri boşa çıxarmadımı? Üzərlərinə sürü-sürü quşlar göndərdi. Onlara palçıqdan bərkişmiş daşlar atırdı. Axırda onları (qurd tərəfindən) yenilmiş əkin yarpağı kimi yapdı”.
Bu ayələrin bağlı olduğu olay isə belədir: Yəməndəki Həbəşistan valisi Əbrəhə Sanada bir kilsə ucaldır və istəyir ki, o, camaatın axışdığı ziyarət yerinə çevrilməklə Kəbənin yerini tutsun. Kinanə qəbiləsindən bir nəfər gəlir və gecəykən bu kilsəni murdarlayır. Bundan qəzəblənən Əbrəhə and içir ki, Kəbəni yerlə bir edəcək. Sözünü gerçəkləşdirmək üçün ordusunu Məkkəyə çəkir. Həbəşistan valisinin Mahmud adında fili olduğundan ona və adamlarına «fil yiyələri» deyirdilər. Ordu Kəbəyə yaxınlaşanda Əbabil deyilən quşlar onları Göydən daşa basaraq məhv edirlər.
Göründüyü kimi, ayələrdən olayın detalları görünmür, yalnız daşlarla məhv edilmə faktı deyilir.
Müsəlman mədəniyyəti və niqab (1986-cı il)
Ortaçağda niqab simvolu çox yayılmışdı. Şah İsmayılın niqabı vardı. Miniatürlərdə peyğəmbərin üzünü niqablı çəkirdilər. Adətən, niqab adama özünün aydın cizgiləndirilmiş görkünü yaratmaq üçün gərəkir. Dayanıqlı, «qurumuş» formasının sayəsində niqab şəxsiyyətin «mən»ində gedən davamlı dəyişmələri gizlədir, onu zamanın axarında dəyişməyən, zamandan düşmüş varlıq kimi göstərir.
Qələndərləri götürsək, deyə bilərik ki, onlara sayğı göstərən ortaçağ adamının qavrayışı üçün dünyəvi ehtirasların güzgüsü olan üzlərlə dolu ictimai məkanda bəlkə də qələndər niqabı, qaşsız, bığ-saqqalsız qələndər üzü zamanlı dünyadan Allahın zamansız varlığına açılmış pəncərə kimi görünürdü. Ona görə də orta yüzillərdə bir çoxları qələndər üzlərindən ikrah etmirdi, onlara batini anlamların əcaib bildiricisi kimi baxırdı. Nəsimidən qələndər niqabının bu anlamlarını açan beytlər bizə qalmışdır:
Qələndər ilə tədric, fəna – üçü birdir,
Nə qəm bu üçünə, aləm olursa, zirü-zəbər
***
Hələ mən qələndər surətəm, fərdəm mücərrəd tərcidəm,
Oldun fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm.
Təsəvvüfdə qrotesk bədən (1986-cı il)
Bir rəvayətə görə Hacı Vələd Bektaşi müridlərindən soruşur: «Kişi orucu tutmaq istərsiniz, ya qadın orucu?» Soruşurlar: «kişi orucu hansı, qadın orucu hansı?» Hacı Vələd cavabında deyir ki, qadın orucu qırx gün yemədən-içmədən təkliyə çəkilməkdir. Kişi orucu isə qırx günün hər günü bir öküzü bişirib yeməkdir. Bundan sonra hamı qadın orucu tutmaq istəyir. Hacı Vələd özü isə kişi orucunu seçir. Beləliklə, İslamın oruc kimi cismanilikdən arınma ayini burada folklordan gələn epik iştahla, komik qarınqululuqla eyniləşdirilir.
Allah və təsadüflər (1989-cu il)
Əgər Allah dünyanı təsadüflərin ixtiyarına buraxsa, bu Ona hansı əskiklik gətirər ki?!
Əskiklik gətirməməsinə bir cavab: Tanrı, ən azı, dünya dramasının baş verməsi üçün dünyanı təsadüflərin ixtiyarına buraxa bilər. Gözlənməz dönüşlərə, sınmalara gətirən təsadüflərsiz, yəni nonliniarsız nə dram?! Ancaq belədirsə, soru çıxır: əgər O, dünya dramına ya «dramaturq», ya «teatral» kimi belə maraq göstərirsə, deməli, dünya Tanrı üçün dəhşətli dərəcədə maraqlıdır?!
Axı, başqa məntiqdə, - bunu mən «Средневоковое мусульманская культура: философия сокрытого, эстетика проявленного» kitabımda açmışam, - dünya Allah üçün ilginc olmamalıdır. O kitabımda yazmışam ki, hər nəsnəni bilən, yəni biliyi sınırsız olan Tanrını nə təəccübləndirə bilər, nə Onun üçün yeni, informativ ola bilər ki, maraqlı da olsun?! Bu uyuşmazlıqdan, yəni bir modeldə «dünyaya təəccüblənə bilən Tanrı», o biri modeldə «təəccüblənməyən Tanrı» uyuşmazlığından çıxmaq üçün axtarış aparmaq gərək!
Dinlərdə yasaqların hikməti (1990-cı il).
Yasaqlar var ki, onlara əməl etməməyin sübutu "əşyayi-dəlil" prinsipi ilə asanca üzə çıxır: Örnəyin, donuz ətini yeməmək yasağına əməl etməyən filankəs donuz ətini yeyirsə, asanca görürsən. Belə yasaqlar asanca formalizə olunan yasaqlardır. İşə bax ki, din¬lərdə mömünlər daha böyük intizamla belə yasaqlara əməl edirlər, çünki onları pozmaq həməncə görünür.
Ancaq dinlərdə bir də var mənəvi sonucları, nəticə silsiləsi olan yasaqlar (Örnəyin, Qurani-Kərim səbrli olmağı buyurursa, deməli, mömünə hərdəmxəyallığı, impulsivliyi ya¬saq edir). Bax, dinlərdə bu cür yasaqlara əməl etmək məsələsində yüksək itaət görmək olmur - halbuki əsas məsələ elə bu yasaqlara əməl etməkdir.
Bəs, ateistlər üçün və ya bir dindən başqa dinlərə baxanlar üçün mənasız görünən "filan əti yemə", "filan cür geyinmə" kimi yasaqların hikməti, gərəyi nədədir? Formal yasaqlardan bizə hansı bilinmələr axır? Gəlin, bunu düşünək.
İnsan dünyasını, mədəniyyətləri formalaşdırmaqda dinlərin işi əvəzsiz olub. Məhz dinlər türlü "formal" yasaqları qoyaraq insanı elə bir duruma salıblar ki, o təkcə fiziki cəhətdən edə bilmədiklərini edə bilməməklə yetərlənməyib. Həmin yasaqların qorxusundan insan fiziki cəhətdən edə bildiklərinin bəlli bir qismini də etməyib, - bu isə mədəniyyətin, mənəviyyatın ilkin şərtidir. Mənəviyyatın bu ilkin şərtini belə cümlədə vermək olar: sən istəsən edə bilərsən, buna fiziki imkanın var, ancaq fi¬lan yasaqları sayıb etməməyə özünü sorunlaya bilirsənsə, deməli, özünü cızığa sala bilirsən, nəsə intizama tabe ola bilirsən . Əslində, əxlaq da məcbur olub, kimdənsə, nədənsə qorxub yaramazlıq etməmək deyil. Əgər sən istəsən, yaramazlıq edə bilərsənsə, ancaq bunu vicdanına, özünə sığışdırmırsansa, onda yaxşı adam olursan. Beləliklə, "formal" yasaqların hikməti insana öz istəyini, öz iradəsini (istəmini), öz nəfsini saxlamağı öyrətməkdir və bu yolla nizam-intizam mədəniyyətini formalaşdırmaqdır. İntizama tabe olmaq mədəniyyətini mənimsəyəndən sonra yüksək əxlaqi "Olmaz! "lara özünü təslim etmək mədəniyyətini də formalaşdırmaq olur.
Şiə-sünni yollarında sərgərdan azəri ruhu (1992-ci il)
Şiəlik və sünnilik sayəsində azəri Qutunun gözəgörünməz dolantılarda hansı qatları fırlanıb keçə-keçə ucalıqlara qalxması, hansı səyahətlərə yollanaraq genişliklərdə gəzərgi olması öyrənilməlidir.
Şiəlik Azərbaycan türklərinin Qutunu İran ruhu ilə qovuşuq nöqtələrdə çulğalayıb. Bugünkü Turançılığımız həmin çulğalanmış məqamları sevməsə də, onlardan üz döndərmək, onlar haqqında özünü görməməzliyə qoymaq yersizdir. Əgər bizim yüksək mədəniyyətə iddiamız varsa, nəyimiz varsa, onu eşələyib, ondan incəliklərimizə çıxmağı bacarmalıyıq.
Azərbaycanda Turançılıq ideyalarının bezikdirici çağırışlar olmasını istəmiriksə, İranlaTuranın tarixin əzəlindən bu yana ayrılıqda və qovuşuqlarda bir-birinə bağlanmasını, qovuşuqda bir-birindən ayrılmasını önəmli bir hadisə kimi duyub yaşamalıyıq, Bu baxımdan yanaşsaq, Azərbaycan türkcəsində cümlələrin İrani intonasyonu, Azərbaycan muğamının əcəmi boqazları Turançını darıxdırmayacaq, necə ki yaponu yapon edən bir çox mədəniyyət olaylarında (buddizm, fəlsəfə, u-şu) Çin etgiləri heç bir yaponu aşağılamır.
Səfəvilərin Şiə dövlətçiliyi sayəsində Azərbaycan oğuzları Türk massivində hansısa özəllikləri almışlar. Şiəlik - bizi Anadolu türkünün böyük bir kəsimindən mənalı şəkildə başqa cür etmişdir.
Azərbaycanda sünnilik bizimlə Qafqaz və Anadolu müsəlmanlarının Qutu arasında güclü qovşaq nöqtələri qoyur və bizi Türk elindən qopub bütünlükdə İran Ruhuna qovuşmağa qoymur. Beləliklə, Azərbaycan İslamda başqa müsəlman ölkələrinin çoxunun başına gəlməyəcək çox imkanlı durum qovşağında dayanır. Bizim dini mədəniyyətimizin yüksəkliklərə çatması həmin duruma necə girməyimizdən, həmin durumun açdığı imkanlarda hansı yaradıcılılığı etməyimizdən asılıdır.
Çaşdırıcı sonsuzluq (1997-ci il)
Tanrı özü ilə bizim aramıza çaşdırıcı (şaşırdıcı) sonsuzluq qoyub. Bu sonsuzluğa görədir ki, Onu düşünmək, ona tapınmaq formalarının sayı-hesabı yoxdur. Çaşdırıcılıq isə odur ki, həmin formalardan birinə inanıb yalnız bu formanı düz sayan kimi çaşırsan, çünki yerdə qalanları yalan sayırsan. Hər yol Allaha aparmalıdır, ancaq birini doğru, o birilərini yalan, əyri sayanda Allahdan azırsan. Bu o deməkdir ki, Tanrıya ibadəti yalnız namaz plastikasında və meditasiysında düz sayıb o birilərini əyri sayanda Tanrıdan azırsan. Allahı bilməyi yalnız fəlsəfi anlayışlarda düz sayıb mifoloji formalarda yanlış sayanda yenə azırsan. Tanrının tutmadığı boş yer olmadığı üçün o Totemizmdə də, İudaizmdə də, İslamda da, Buddizmdə də özünü təcəlli edib özünə yollar qoyub. Sən ən primitiv formalara da Allaha yol kimi sayğılı yanaşmalısan. Çünki Allah hər nöqtədə bulunur. Hətta ateistin inkarında da. Berdyayav göstərirdi ki, bolşeviklər ateist olsalar da ideolojiləri Cənnət, yəni kommunizm həsrəti üstündə qurulmuşdu.