Teleqraf.com Tapdıq Yolçunun şeirlərini təqdim edir:
GÖRÜM
A gen günlü, günüləmə günümü,
Günlərinin günündə qoy, gün görüm.
Kərəm eylə, kəm eyləmə gününü,
Bir görmüyüm, dönüm, dönüm, min görüm.
Nə gündəyəm sən gününü çəkəndən,
İnanmırsan, soruş gəlib-keçəndən.
Səhər-səhər gününə göy seçəndə,
Bura boylan, başım üstə dön görüm.
Dağlayırsan dağlarımın dağını,
Yandırırsan yanğınımın yağını.
Yarsız qoyma sol böyrümün sağını,
Əl açmışam, gəl, qoynuma min, görüm.
GÖZƏL DANIŞANLAR...
Gözəl danışanlar gözəl oldular,
Üz-göz olmadılar dərdlə-azarla.
Keçdi gözəl-gözəl gözəl günləri,
Gözləri dolmadı giley-güzarla.
Gül kimi gün gördü gül beçələri,
Günlü günlərini yağış döymədi.
Gen gündə gen gəzdi gözəlçələri,
Gəlib gün muzduna boyun əymədi.
...Gözümdən güllətək dərddi şığıyan,
Baxıram...
Bilmirəm ağlayım, gülüm?
Güvənli günlərim gələr – gözlərəm,
Gülürsən günümə...
Gülgünən, gülüm!...
HƏSRƏTİNİ ÇƏKİRƏM
Görmədiyim sığalını bircə yol,
Əllərinin həsrətini çəkirəm.
Bir ömürlük ayrılığa “yox” deyən,
Dillərinin həsrətini çəkirəm.
Dərd dənizi qalmadı mən gəzməyə,
Sinəm üstə göy tikanlar düzməyə.
Can tapşırıb, qucağında üzməyə,
Göllərinin həsrətini çəkirəm.
Qorxum odur – mən kim, bir kim bilməyə,
Könül verib, könüldən qəm silməyə.
Son nəfəsdə “qəh-qəh” çəkib ölməyə,
Ellərinin həsrətini çəkirəm.
BU SÖZLƏR YENƏ DƏ TƏNTİDİB MƏNİ...
Bu sözlər yenə də təntidib məni,
Dolub ürəyimə bu sözlər yenə.
Gərək hulqumumu boşaldam bir az,
Məni düzdə qoya bu “düzlər” yenə.
Atın at haqqını alıb əlindən,
Atıblar yenə də it qabağına.
O haqq yeyənləri, inadım deyir, –
Al dişin altına, qat qabağına.
Susur bu düz yeri düz yerə Qoyan,
Buludlar tutubdu gün üzünü də.
Qılınc həsrətimi çəkir sağ başım,
Kimdi məndən uman – dur, sözünü de?!
TAPAM O GÖZƏLİ...
Dolu dolablarda qalaq-qalaqdı,
Sənin məktubların – əziz xatirən.
Hardadır o cavan poçtalyonumuz,
Səndən əl boyda bir xəbər gətirə.
Bir ay görməsəm də allı üzünü,
Açam, omaxşıyam “salam” sözünü.
“Gələn görüşədək” görəm düzünü,
Gözüm yolda qala, həsrət götürə.
Gün dönə, günlərin günündə azam,
Gündən düşən günü min yönə yozam.
Mənə uzaqlardan məktublar yazan,
Tapam o gözəli, səni itirəm...
ÖTMƏ PAYIZ
Gec oyanır yuxusundan Gün daha,
Coşub-daşmır qorxusundan Gün daha.
Bizi atıb yaxasından Gün daha...
Ötmə payız...
Gəlmə a qış...
Yağma qar...
Ötənlərdən yapışmaq da əlacdı?
Günüm kimdən küsdü, kimə əl açdı?!
Boynuma dolanan yorğun qulacdı...
Ötmə payız...
Gəlmə a qış...
Yağma qar...
Mən mərdanə yaşadım ki, dünyada,
Dərdimi mərd daşıdım ki, dünyada,
Gec bilmişəm – naşıydım ki, dünyada...
Ötmə payız...
Gəlmə a qış...
Yağma qar...
Hələ gözəl bahar-yazda gözüm var,
Gözəl Günə söyləməyə sözüm var,
Söyləyirəm...
Ürəyimdə dözüm var?!
Ötmə payız...
Gəlmə a qış...
Yağma qar...
YA BAHAR OLAYDIM...
Döndü bu baharın qaranquşu da,
Güldü gül üzləri gül çiçəklərin.
Mənim sifətimin qırışı donub,
Kimin nə vecinə mən çəkdimlərim?
Bir bahar bəxti də yox qismətimdə, -
Payız itirdiyim baharla gələ!
Bilmirəm, başıma nə daş salım ki –
Axşam batan günüm sabahla gələ?
Gedir əl-ayaqlı ötürdüklərim,
Yığılır ömrümə elə boran, qış.
Ay Allah, mən niyə insan yarandım? –
Ya bahar olaydım, ya da qaranquş...
O QƏDƏR
Hamıyla dil tapa bilən varmı ki?
Hamıyla dil tapa bilən o qədər...
Bir kimsə hamıya əziz, yarmı ki?
Hamıya sevgili olan o qədər...
Hamıya “hə” deyən, “bəli” söyləyən,
“Bəli” deməyənə “dəli” söyləyən,
Qoşulub hər sözə ötən, dil deyən,
Özündən bərxudar qalan o qədər...
Sular gizli axır hələ dərində,
Çoxu sərinlənir elə sərində.
Sənin axtardığın o Haqq yerində,
Doğru bu qədərdir, yalan o qədər...
Yolçu, yol çəkirəm yola gözümlə,
Yolda günüm keçir dərdlə, dözümlə.
Dil tapa bilmirəm mən heç özümlə,
Mənnən dil tapası onlar o qədər...
PAYIZ ÖTDÜ...
Xətir üstə xəstə qaldım,
Xətir mənə tuş gəlmədi.
Ömrümü güdaza verdim,
Göz görmədi, qaş bilmədi.
Hamı gəzdi taxçasını,
Gül bəzədi baxçasını.
Dərdimin dərd boxçasını,
Əl götürüb, yaş silmədi.
Al yanaqlar qızartıymış,
“Dost” dediyim bozartıymış.
Ömür oyun, azart imiş,
Heç üzümə şeş gülmədi.
Tapdıq, oldu zəhmətin zay,
İndi nə hay sal, nə haray.
Gecə-gündüz günləri say –
...Payız ötdü... qış girmədi...
HAVA YENƏ YAĞIŞLI...
Hava yenə yağışlı,
Hava yenə bulaşdı.
İçimdəki dərd-sərim,
Baş qaldırdı, qarışdı.
Ötdü günlü günlərim,
Ötdü baharım, yazım.
Nəğmə deyən deyiləm,
Kökdən düşdü avazım.
Sevinmək fəsli vardı...
Sevilmək qəsdi vardı...
Nolardı, görən, Allah,
Desəm - kim mənə yardı?!
Könlüm qanla doludu...
...Kişiyəm... ağlamıram.
Hər günüm dərd gətirir,
Yolunu bağlamıram.
...Bu sinəm dərd arxıdır,
Sevinc sızmaz bu arxa.
...Hamı nəyə söykənib?!
...Mənə qəm durub arxa!
Əlimə çətir alıb,
Hara qaçım təlaşlı?!
...Hava yenə bulaşdı...
...Hava yenə yağışlı...